FED.az xəbər verir ki, vəkil Şulan Nağıyev artıq ödənilmiş vergilərin geri qaytarılması qaydası və bu sahədə məhkəmə təcrübəsi ilə bağlı sualları cavablandırıb:
Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir
– Artıq ödənilmiş vergilərin geri qaytarılması hansı qaydada həyata keçirilir? Məhkəmədə hüquqların müdafiəsi üçün nələrə diqqət etməliyik?
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydaları ilə müəyyən edilir. (bax: https://e-qanun.az/framework/2658) Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qaydaların 6.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Qaydaların 6.3-cü maddəsinə əsasən, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
– Artıq ödəmələr hansı səbəblərdən yarana bilər?
– İnzibati qurum tərəfindən düzgün tutulmadıqda, vergi ödəyicisi tərəfindən artıq ödənildikdə və rekvizitlərin səhv göstərilməsi və ya ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində.
Vergi ödəyicisi yaranmış artq ödəmələrin qaytarılması və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi hüququna malikdir. Artıq ödəmələrin geri qaytarılmasının əvəzinə növbəti dövrlər üzrə öhdəliklərlə əvəz edilməsi sahibkarlar üçün gələcək fəaliyyətlərində bir sıra çətinliklər yarada bilər. Belə ki, Vergi Məcəlləsinin 67.7-ci maddəsinə nəzər yetirdiyimiz zaman əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyalarının nəzərə alındığını görürük.
– Vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının geri qaytarılmasını tələb etmək hüququ varmı?
– Bəli, Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır.
– Vergi ödəyicisi bu hüququndan necə istifadə etməlidir və hansı qanunvericilik aktları ilə tənzimlənir?
– Artıq ödənişlərin qaytarılması Vergi Məcəlləsinin 87-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir.
– Vergi orqanının artıq ödənilmiş məbləğləri qaytarması zamanı hansı öhdəlikləri var?
Vergi Məcəlləsinin 24.1.10-cu maddəsinə əsasən, vergi orqanı vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur.
– Artıq ödənilmiş vergi məbləği hansı müddətə qaytarılmalıdır?
1. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində. 2. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində. 3. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.
– Vergi orqanı qanunla müəyyən edilmiş müddətə artıq ödənilmiş məbləğləri qaytarmadığı halda hansı öhdəlikləri daşıyır?
Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir.
– Artıq ödənişlərin geri alınması üçün hansı quruma və hansı qaydada müraciət edilməlidir?
– Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir.
( Ərizə nümunələri: https://e-qanun.az/framework/2658 )
– Müraciət edildikdən sonra müvafiq qurum hansı hərəkətləri etməlidir?
– Büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən, 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə qanunla nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.
– Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır.
Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır.
– Artıq ödəmələrin geri qaytarılması zamanı təcrübədə hansı çətinliklər yarana bilər?
Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisi tərəfindən ərizənin verilməsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslarından biridir. Artıq ödəmələrin qaytarılması qaydalarında vergi ödəyicisinin ərizəsinin daxil olduğu vaxtdan isə 45 gün ərzində artıq ödəmənin qaytarılması tələbi öz əksini tapmışdır. Lakin, səyyar vergi yoxlaması 45 gün ərzində yekunlaşmadığı təqdirdə vergi orqanları artıq ödəmələrin qaytarılmasını əsassız surətdə səyyar vergi yoxlamasının yekunlaşmasına qədər gecikdirə bilərlər. Yalnız artıq ödəmələrin qaytarılması ilə əlaqədar ərizə ilə müraciət etmiş vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu təqdirdə qanunla müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. Digər bütün hallarda vergi yoxlamalarının yekunlaşmasından asılı olmayaraq artıq ödəmələr qanunla müəyyən edilmiş müddət ərzində qaytarılmalıdır.
Yekun olaraq, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması ilə bağlı mübahisələr zamanı məhkəmədə hüquqlarınızın müdafiəsi üçün məhkəmə aidiyyətinin, ərazi aidiyyətinin, iddia tələbinin və iddia növünün seçilməsi vacib məqamdır.
İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, cavabdeh qurumun yerləşdiyi ərazi üzrə İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət edilməlidir.
İddia tələbinin əsaslı olmağı üçün “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi və gecikdirilmiş müddət üzrə faiz məbləğinin ödənilməsi tələbi” qeyd edilməlidir. Tələbin məzmunundan aydın olur ki, eyni iddia daxilində fərqli iki tələb var və iddia növünün seçilməsində diqqətli olmaq lazımdır.
Nəzərə almaq lazımdır ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar hesab edilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Nəticə olaraq “öhdəliyin icrası haqqında” iddia növü seçilməsi düzgün seçim olacaq. (e-hüquq.az)