Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
FED.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Fuad Abdullayev bildirib ki, 1992-ci ildən Beynəlxalq Bankda çalışıb, 2001-ci ildə isə bankın Moskva filalının rəhbəri olub: "Cahangir Hacıyev bankın rəhbəri olandan sonra məni Moskva filialına rəhbər təyin etdi. Orada bir çox layihə işləri həyata keçirildi. Bəzi götürülmüş kreditləri ödənilib. Mən 2015-ci ildə bankdan ayrılandan sonra götürülmüş kreditlərin aqibətindən xəbərim yoxdur. Kreditlərin verilməsində göstərişi Cahangir Hacıyev verib. Mənim vaxtımda bankda 69 veksel əməliyyatı həyata keçirilib".
Şahid deyib: "Mən Cahangir müəllimi Emin Sadiq adlı şəxslə tanış etdim. Neft yatağının alınması ilə bağlı razılıq əldə edildi. Həmin yataq bir neçə şəxsin adına rəsmiləşdi. Bankın Hətəm Həsənov adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksemburq şirkəti, yəni Xaqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir".
Eləcə də bax: "Beynəlxalq bank işi": Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürüb
F.Abdullayev qeyd edib ki, layihəyə ayrılan pullardan C.Hacıyevin xəbəri olub, onun göstərişi ilə həyata keçirilib: "Rusiyada yaşayan azərbaycanlı iş adamı, Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürüb. O, Odessa şəhərində ticarət şirkətlərinin inşası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Ona layihə üçün kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandı, krdeditləri ödəyə bilmədi, 2013-cü ildə ödənişləri dayandırdı. Sonra Telman İsmayılov 4 şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi".
Şahidin sözlərinə görə, ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də bankdan kredit götürüb: "Ənuşə Ənsari ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürdü. Sonra kreditin faizi ödənildi, əsas borc isə qalıb. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".
Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.