Azərbaycanın tanınmış iqtisadçı alimi, sabiq millət vəkili, professor Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.
FED.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Azərbaycanın tanınmış iqtisadçı alimi və fəal siyasətçisi Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. İxtisasca iqtisadçı olan X.Kazımlı iqtisad elmləri doktoru, professordur.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli, 716 saylı Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.
Xanhüseyn Kazımlı Azərbaycanda qiymətləndirmə sahəsinin banilərindəndir. onun rəhbərliyi ilə ölkədə ilk dəfə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yaradılıb və X.Kazımlı uzun illər onun rəhbəri və fəxri sədri olub.
Vəfat edən vaxtadək Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiri vəzifəsində çalışıb.
X.Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri və 5 çağırış Milli Məclisin deputatı olub.
Xanhüseyn Kazımlı eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifi olub.
Allah rəhmət eləsin!