Aprelin 16-da “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Kətə” festivalı keçirilir.
FED.az xəbər verir ki, aparıcılar festival iştirakçılarına naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında məlumat veriblər. Qeyd olunub ki, xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz kətələri, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir. Belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov çıxış edərək iştirakçılara muxtar respublikamızda bişirilən kətə növləri, onların insan orqanizminə faydaları barədə ətraflı məlumat verib.
Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı olaraq izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə ediblər.
Qeyd edək ki, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı çıxışları iştirakçılarda xoş ovqat yaradıb. Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında göstərilən “Yazın ritmi” adlı fləşmob həm yerli sakinlər, həm də xarici qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə ağac üzərində oyma, xalçaçılıq, dulusçuluq, papaqçılıq nümunələri, duzdan, müxtəlif göyərti növlərindən hazırlanan əl işləri də nümayiş olunur.
17 ictimai iaşə obyektinin və 183 fiziki şəxsin iştirak etdiyi festival aprelin 17-də başa çatacaq. Muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA Naxçıvan Bölməsi, şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən festivalın sonunda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin qalibləri elan olunacaq. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən seçiləcək, festivalın qalibi, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşəcək, onlara diplomlar təqdim olunacaq.