Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində partlayış baş verən əraziyə baş çəkib.
FED.az xəbər verir ki, vəziyyətlə tanış olan nazir jurnalistlərə açıqlama verib.
K.Heydərov bildirib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb: "Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hospitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb-qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək".