Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzinin bir neçə saat içərisində yanaraq külə dönməsi iki gündür əsas müzakirə mövzusudur.
Yanğından sonra səslənən suallardan biri də budur: “Yandırdılar, yoxsa özü yandı?”
Bu sualın yaranması üçün isə, əlbəttə ki, əsas var: “Diqlas” kimi iri ticarət mərkəzində bu kimi hallara qarşı yanğından mühafizə sistemi mövcud olmalı idi. Niyə olmayıb? Olubsa, yanğın niyə lokallaşdırıla bilməyib?
Yox, əgər binada yanğından mühafizə sistemi düzgün tərtib edilməmişdisə, obyektin fəaliyyətinə necə icazə verilib?
Ümumilikdə obyektlərdə yanğından mühafizə sisteminin təşkili necə aparılmalıdır?
FED.az xəbər verir ki, bu suallara cavab tapmaq üçün təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edilib.
Eləcə də bax: «Onu məcbur edə bilmərik ki, sizə pul versin» - «DİQLAS»IN SAHİBLƏRİ BAKIYA ÇAĞRILIBLAR
Ekspert deyib ki, binanın yanğından mühafizə sistemi mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yoxlanılmalı idi:
“İnsanların kütləvi şəkildə çalışdığı obyektlərdə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi mütəmadi olaraq bu sistemləri yoxlamalı və sahibkara məlumat verməlidir.
Yoxlama zamanı zəif və risk doğura biləcək məqamlar zamanında aşkarlanarsa, baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə tədbirlər görmək mümkündür.
Çox güman ki, burada həmin məqama diqqət edilməyib. Səhlənkarlıq edilib. Ümumiyyətlə, FHN nümayəndələri təkcə böyük ticarət mərkəzlərinə deyil, ən kiçik obyektlərə belə məcburi şəkildə özünün təhlükəsizlik qaydalarına müvafiq olan zəruri avadanlıqları yerləşdirməlidir.
Düşünürəm ki, ehtiyatsızlıq və nəzarətsizlik səbəbindən “Diqlas”da yanğın baş verib və sürətlə binaya yayılıb”.
Ekspert əlavə edib ki, hadisə baş verirsə, orada iki məqam diqqətdə saxlanılır:
“Yanğının baş vermə səbəbi ya dediyimiz kimi ehtiyatsızlıqdır, ya da bunu kimsə qəsdən törədib.
Çünki yanğının söndürülmə prosesi də kifayət qədər uzun çəkdi. Bu da cəmiyyətdə FHN əməkdaşlarının qeyri-peşəkar olmaları istiqamətində fikrin yaranmasına səbəb oldu.
Amma bütün hallarda bu məsələnin yekun nəticəsi və əsas səbəbi, təbii ki, hüquq-mühafizə orqanlarının apardığı araşdırmanın yekun nəticələri açıqlandığı zaman bəlli olacaq”.