"Diqlas” ticarət mərkəzində bütün yanğından təhlükəsizlik sistemləri olub. FED.az BBC News Azərbaycancaya istinadən xəbər verir ki, bu barədə "Diqlas MMC"-nin direktoru Rasim Məmmədov bildirib. "Diqlas ticarət mərkəzində bütün yanğından təhlükəsizlik sistemi var idi, motorlar da, su da, şlanqlar da. Yanğın iş vaxtına təsadüf etmədiyi üçün və binanın çölündən baş verdiyi üçün belə hadisə olub".
Cənab Məmmədov əlavə edib ki, "bu, dövlət tərəfindən təhvil götürülmüş binadır və hər şey qaydasındadır".
Xatırladaq ki, yanğın nəticəsində tamamilə yararsız hara düşən «Diqlas» Ticarət Mərkəzində yanğından təhlükəsizlik sistemlərinin olmadığını Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bəyan edib. Yanğın baş verən gün – martın 26-da Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi məsələsi qaydasında olmayıb. «Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb».
Bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən toplantıda da FH naziri Kəmaləddin Heydərov bildirib ki, 2015-ciildən bəri edilən müaciətlərə baxmayaraq TM-də lazımi təhlükəsizlik tədbirləri görülməyib.