Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, yanğın universitetin əsas korpusunda olub.
Hadisə ilə bağlı AzMİU-dan saytımıza bildirilib ki, yanğın universitetin bir saylı tədris korpusunun yaxınlığında - həyətdə baş verib: “Həyətdəki yanğının tüstüsü isə 1 saylı korpusda hiss olunub. Buna görə də tələbələr, müəllimlər və digər bütün əməkdaşlar binadan təxliyə olunub. Yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. Hazırda məsələ tam nəzarətə götürülüb və başvermə səbəbləri araşdırılır. Yanğın nəticəsində heç kəs xəsarət almayıb”.
***
Fövqəladə Hallar Nazirliyindən qeyd edilib ki, Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb: “Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb”.













