Avropa İttifaqı öz gömrük sistemində ciddi islahatlara başlayır.
FED.az xəbər verir ki, son onilliklər ərzində ilk dəfə olan bu islahat təkcə Avropa ilə ticarət edən ölkələrə deyil, həm də ittifaqa məhsul satın şirkətlərə də təsir edəcək. Hələlik isə ilk baxışdan, bu islahatdan ən çox təsirlənən ölkə Çin olacaq. Çünki bu barədə açıqlamada elektron ticarət və xırda idxallardjan daha çox danışılır.
Yeni gömrük sistemi Avropa İttifaqına gömrük sahəsində daha müasir alətlər və innovativ mexanizmlər təqdim edir. Bu da, xüsusilə elektron ticarətdə qlobal ticarətin asanlaşməsına, gömrük rüsumlarının daha səmərəli toplanmasına və tələblərə uyğun olmayan, təhlükəli mallara nəzarətin sərtləşdirilməsinə imkan verəcək.
«Temu», «Trendyol» və «Alibaba» üçün xoşagəlməz sürpriz
Yenilənmiş Gömrük Məcəlləsində dəqiqləşdirilir ki, Aİ-yə mal satan Aİ xaricindəki elektron ticarət platformaları malların idxalçısı hesab olunacaq. Bu o deməkdir ki. bundan sonra həmin mallara görə gömrük rəsmiləşdirmələri və rüsum ödənişlərinin yerinə yetirilməsinə artıq Avropadakı alıcı tərəf deyil, məhsulu satan tərəf, yəni həmin platformalar cavabdeh olacaq.
Qanunvericilik, gömrük öhdəliklərini yerinə yetirməyən elektron ticarət operatorları üçün yeni cərimə sistemi nəzərdə tutur. Öhdəliklərə aiddir - Aİ standartlarına əməl olunması və müvafiq rüsumların ödənilməsi. Ən ciddi pozuntularda şirkətə əvvəlki ildə idxal etdiyi malların illik dəyərinin 6%-dək məbləğində cərimə tətbiq oluna, müəyyən gömrük güzəştləri ləğv edilə və hətta onlayn platformalara giriş məhdudlaşdırıla bilər.
Kiçik bağlamalara yeni əlavə rüsum
Nəhayət, Avropalı məmurlar, gömrük islahatının əss məqsədlərnin birini açıqlayıblar. Yeniliyə əsasən, 1 noyabr 2026-cı ildən etibarən kiçik bağlamalara Aİ üzrə vahid emal haqqı tətbiq ediləcək. Sənəddə bildirilir ki, bu ödənişin tətbiq edilməsinin səbəbi elektron ticarət vasitəsilə Aİ-yə daxil olan kiçik bağlamaların sayının artması və monitorinq xərclərinin yüksəlməsidir. Yəni buradan əldə edilən vəsait bağlamaların sayılmasına sərf olunacaq, amma bu məbləğ həm də xaricdən alınan malı da bahalaşdıracaq. Çüqki bu pulu satan tərəf ödəyir.
Qeyd edək kiİ, bir qədər əvvəl, Avropada xaridən alınan və dəyəri 150 avrodan az olan əşyalara da əlavə rüsum tətbiq edilmişdi, Sənəddə xüsusi vurğulanır ki, yeni ödəniş əvvəlkindən fərqlidir, yəni hər iki ödəniş qüvvədə olacaq.
Avropanın ümumi Gömrük qurumu yaradılır
Yeni qanun gömrük ittifaqının idarəçiliyini koordinasiya etmək üçün Aİ-nin gömrük üzrə yeni mərkəzləşdirilməmiş agentliyinin yaradılmasını nəzərdə tutur.
Avropanın Gömrük Orqanı idxalçı və ixracatçıların Avropada gömrük orqanları ilə qarşılıqlı əlaqədə olacağı vahid mərkəzi platforma olaraq bütün idxal və ixrac məlumatlarını təhlil edəcək.
Orqan, həmçinin prioritet nəzarət sahələrinin və risk meyarlarının müəyyənləşdirilməsinə kömək edəcək və gömrük sahəsində Aİ səviyyəsində böhran idarəetməsini koordinasiya edəcək. Qurum Fransanın Lill şəhərində yerləşəcək və 2027-ci ildə fəaliyyətə başlayacaq.
Etibarlı şirkətlərə dəstək və güzəştlər ediləcək
Yeni qanunvericilik ən şəffaf bizneslər üçün yeni kateqoriya – “Etibarlı və yoxlanılmış ticarətçilər” (“trust and check traders”) yaradacaq.
Bu sistem çərçivəsində mallarının hərəkəti və tələblərə uyğunluğu barədə əhatəli məlumat təqdim edən və digər ciddi meyarlara cavab verən şirkətlər sadələşdirilmiş gömrük prosedurlarından yararlanacaq, bununla da vaxt və vəsaitə qənaət edəcəklər.
Etibarlı şirkətlər mallarını heç bir aktiv gömrük müdaxiləsi olmadan Aİ-də dövriyyəyə buraxa biləcəklər.
Növbəti addımlar
Avropa Parlamentinin gömrük islahatları ilə bağlı yekun mətni sentyabrın sonlarında təsdiqləyəcəyi gözlənilir. Bundan sonra sənəd imzalanacaq və qüvvəyə minəcək.
Aİ-yə idxal və Aİ-dən ixrac əməliyyatlarının qeydə alınması üçün yeni məlumat mərkəzindən istifadə elektron ticarət şirkətləri üçün 1 iyul 2028-ci ildən, bütün ticarətçilər üçün isə 1 mart 2034-cü ildən məcburi olacaq.
4,3 trilyon avroluq ticarət
50 ildən artıqdır ki, Aİ Gömrük İttifaqı milli sərhədlər boyunca səmərəli şəkildə fəaliyyət göstərir və birgə çalışan milli gömrük idarələri tərəfindən idarə olunur. Dünyanın ən böyük ticarət bloklarından biri olan Aİ Gömrük İttifaqı 4,3 trilyon avrodan çox həcmdə ticarəti idarə edir və bu, qlobal ticarətin təxminən 14%-nə bərabərdir.
2025-ci ildə 2 200 gömrük idarəsi və 84 000 gömrük əməkdaşı təxminən 31 milyard avro gömrük rüsumu toplayıb və təxminən 6 milyard elektron ticarət bağlamasının, eləcə də ənənəvi ticarətdə 1,5 milyarddan çox mal vahidinin idxalı, ixracı və tranzitini idarə edib. Elektron ticarət bağlamalarının 90%-dən çoxu Aİ-yə Çindən daxil olub.












