2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan ixrac olunan alüminium və ondan hazırlanan məmulatların miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə azalsa da, ümumi ixrac gəliri artıb.
Xaricə satılan pambıq ipliyi ucuzlaşıb - DETALLAR
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, bu dövrdə ixrac olunan məhsulun miqdarı 18 min 82,71 ton təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 124,61 ton və ya 0,68% azdır.
Buna baxmayaraq, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 48 milyon 90 min dollardan 53 milyon 14 min dollara yüksəlib. Bu isə dollar ifadəsində 10,24% artım deməkdir.
Orta ixrac qiymətində də nəzərəçarpacaq artım müşahidə olunub. 2024-cü ilin ilk üç ayında 1 ton alüminiumun ixrac qiyməti 2 min 641 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 2 min 931 dollara qədər yüksəlib. Yəni 1 ton üçün qiymət 290 dollar və ya 11% artıb.
Eyni zamanda, 1 kiloqram alüminiumun manatla ixrac qiyməti də artaraq 4,49 manatdan 4,98 manata yüksəlib. Bu göstəricidə də təxminən 11%-lik artım qeydə alınıb.
Bu il ümumi ixracın 0,83%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6,87%-i alüminium və ondan hazırlanan məmulatların payına düşüb.