ABŞ yaxın vaxtlarda milli strateji neft ehtiyatlarını Venesuela nefti hesabına doldurmağa başlamağı planlaşdırır.
Tramp: Venesuela nefti ABŞ-a 500 il kifayət edəcək
FED.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində bildirib.
"Biz çox böyük həcmdə neft hasil edirik. Tezliklə milli və strateji ehtiyatlarımızı doldurmağa başlayacağıq. Bizim çox yaxşı münasibətlərimiz var", - Tramp Venesuela ilə əməkdaşlıq barədə danışarkən deyib.
Onun sözlərinə görə, "Exxon" və "Chevron" daxil olmaqla, ABŞ-nin iri neft şirkətləri ölkəyə daxil olur. Tramp qeyd edib ki, neft sahəsindəki əməkdaşlıq həm ABŞ-yə, həm də Venesuelaya gəlir gətirir.
Ağ Evin rəhbəri həmçinin bildirib ki, Vaşinqton Venesuela rəhbərliyi ilə qarşılıqlı əlaqəni davam etdirir. Ölkədə seçkilərin keçirilməsi ehtimalından danışan Tramp bildirib ki, hazırkı vəziyyəti bunun üçün hələ çox qeyri-sabit hesab edir.
"Biz bunu müzakirə edəcəyik və seçkilər olacaq. Amma indi hər şey hələ də çox qeyri-sabitdir və düşünürəm ki, hələ tezdir", - ABŞ Prezidenti deyib.
Tramp ayrıca olaraq İranla münaqişənin neft bazarına təsirinə də toxunub. Onun sözlərinə görə, Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır və müqavilənin bağlanması, onun gözlədiyi kimi, neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
"Onlar müqavilə bağlamaq istəyirlər. Mən müqaviləni bağlayan kimi, neftin qiymətləri əvvəl olduğu yerə qayıdacaq", - Tramp bildirib.












