Azərbaycanın əsas neft-qaz operatoru olan Dövlət Neft Şirkəti qonşu ölkələrdə fəaliyyətini genişləndirməyə başlayır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Özbəkistanın "Uzbekneftqaz" şirkəti və SOCAR arasında yeni müzakirələr keçirilib.
"Uzbekneftqgaz" SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov ilə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova arasında keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin reallaşdırılması müzakirə edilib.
Danışıqlarda tərəflər hazırda mövcud olan layihələr çərçivəsində fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Bəs bu layihələr hansılardır?
Xatırladaq ki, 2024-cü ilin avqust ayında "Uzbekneftqaz" və SOCAR karbohidrogen sənayesində əməkdaşlıq barədə saziş imzalayıblar. Bu sənədlə geoloji tədqiqatlara, o cümlədən Özbəkistanın Üstyurt yaylasında seysmik kəşfiyyata və karbohidrogen hasilatına hazırlıq işlərinə start verilib.
Bundan əlavə, 24 iyul 2025-ci il tarixində tərəflər məhsulun pay bölgüsü (PSA) haqqında saziş bağlayıblar. Bu saziş yaxın 25 il ərzində Özbəkistanın daxili neft tələbatının tam təmin olunmasını nəzərdə tutur. Hasil edilən qaz da ölkənin daxili bazarına yönəldiləcək və sənayeni əlçatan və keyfiyyətli neft məhsulları ilə təmin edəcək.
Ümumilikdə son illər xarici ölkələrdə fəaliyyətini daha sürətlə genişləndirən SOCAR-ın Özbəkistanda bir sıra mühüm layihələri nəzərdə tutulur. Xüsusilə "Uzbekneftqaz" və SOCAR arasındakı əməkdaşlıq sadəcə neft-qaz hasilatını və ticarətini deyil, həm də texnoloji yenilənməni əhatə edir.
Qeyd edək ki, Azərbaycanın Özbəkistanla enerji sahəsindəki, əməkdaşlığı öz başlanğıcını prezident İlham Əliyevin 2024-cı ildə Özbəkistana səfərindən götürür, həmin səfərdə energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair yol xəritəsi təsdiqlənib və bundan sonra bağlanan müqavilələr də həmin razılışmanın davamıdır. Beləliklə…
SOCAR-ın Özbəkistanda həyata keçirməyə hazırlaşdığı ən böyük və perspektivli layihə "Üstyurt" neft-qaz yatağı ilə bağlıdır.
Bununla bağlı, müqavilə 2025-ci ilin 24 iyulunda imzalanıb və tərəflər vaxt itirmədən işə başlayıblar. Bu layihəyə əsasən, Özbəkistandakı «Üstyurt» regionunda yerləşən 6 potensial yataqlarda - Boyterak, Terenqquduq və s - kəşfiyyat və hasilat işləri aparılacaq. Layihənin operatoru, yəni idarəçisi SOCAR-dır. Hələlik hasilat prosesinə çox var – təkcə kəşfiyyat işlərinin təqribən 5 il davam etməsi gözlənilir. Bu müddət ərzində azı bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qeyd edək ki, Özbəkistanın Üstyurt regionu həm neft, həm də qaz ehtiyatlarına malik strateji bir regiondur. Proqnozlara əsasən bu yataqlarda təxminə 100 milyon ton neft, 35 milyard kubmetr təbii qaz olduğu ehtimal edilir. SOCAR və "Uzbekneftqaz"ın birgə layihəsi burada həm neft, həm də qaz hasilatını nəzərdə tutur. Layihə tam işə düşdükdən sonra illik 5 milyon ton neft hasilatı planlaşdırılır.
Bu layihədə yeganə çətinlik yataqların dərində yerləşməsidir. Üstyurtda hazırda SOCAR-ın iştirak etdiyi layihə dərin qatlara hesablanıb. Burada bəzi quyuların 6500 metr dərinliyə qədər qazılması planlaşdırılır.
SOCAR-ın Özbəkistanda həyata keçirdiyi layihələrdən biri Buxara Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsidir. Bu barədə saziş 2026-cı ilin yanvarında imzalanıb. Layihə zavodda texnoloji proseslərinin təkmilləşdirilməsi və nəticədə məhsuldarlığın artırılmasını nəzərdə tutur. SOCAR bu prosesdə öz beynəlxalq təcrübəsini və texniki ekspertizasını istifadə edəcək. Bu razılaşma həm də zavodun Avropa standartlarına (Euro-5 və yuxarı) keçidini hədəfləyir.
3-cü əsas layihə Özbəkistanda "SOCAR Trading"in fəaliyyətə başlamasıdır. SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Trading" Özbəkistan neftinin və neft məhsullarının beynəlxalq bazarlara çıxarılması və logistika məsələlərində "Uzbekneftqaz"ın əsas tərəfdaşı olacaq – neft şirkətinin bu sahədə böyük təcrübəsi var.
Digər mühüm layihə Azərbaycanla Özbəkistan arasında neft-qaz texnologiyaları ilə məşğul olacaq birgə müəssisənin yaradılmasıdır. Bununla bağlı müqavilə 2025-ci ilin noyabrında imzalanıb. Hər tərəfin 50/50 paya malik olacağı bu şirkət Özbəkistanın neft-qaz sahəsində enerji texnologiyalarının tətbiqi ilə məşğul olacaq. Söhbət neft-qaz yataqlarının rəqəmsallaşdırılması, yeni qazma texnologiyalarının tətbiqi və servis xidmətlərindən gedir.





![SOCAR şirkəti Özbəkistanda milyonluq layihələrə başlayır – [red]SİYAHI, ƏTRAFLI[/red] | FED.az](upload/news/small/3140916.png)
![SOCAR şirkəti Özbəkistanda milyonluq layihələrə başlayır – [red]SİYAHI, ƏTRAFLI[/red] | FED.az](upload/news/small/2400845.jpg)








