İtaliya hökuməti bu ölkədə əsas neftayırma zavodlarından birini satın almaq istəyən SOCAR qarşısında zəmanət tələbi qoyub.
FED.az xəbər verir ki, Azərbaycanın Dövlət Neft Şirkəti - SOCAR Avropada daha bir iri aktiv almaq üçün işlər aparır. Bu İtaliyanın "İtaliya Petroli" (IP) şirkətinə məxsus neftayırma zavodudur.
"İtaliya Petroli" şirkəti İtaliyanın tanınmış ailələrindən birinə - Brachetti Peretti ailəsinə məxsudur. Sözügedən şirkətin bir neçə neftayırma zavodu var ki, hazırda ailə onlardan birini – təqribən 2,5 milyard avroya satmaq niyyətindədir, alıcı kimi maraq göstərənlər arasında SOCAR da var.
Bununla yanaşı, İtaliya hökuməti sözügedən zavodun Azərbaycan şirkətinə satılacığı təqdirdə şirkətdən və ya Azərbaycan hökumətindən yanacaq təchizatı təhlükəsizliyinə zəmanət axtarır.
«Röyters» agentliyinin məlumatına görə, sözügedən zavoda SOCAR-dan başqa, Abu-Dabidən olan digər investor da maraq göstərir - Abu Dabi investoru da neft emalı zavodunu almaqda maraqlı olduğunu bildirib.
Xatırladaq ki, IP gündə təxminən 200 000 barel emal gücünə malikdir və 4500 yanacaqdoldurma məntəqəsi ilə İtaliyanın ən böyük yanacaqdoldurma məntəqələrindən birinə sahibdir.
Ümumiyyətlə, «IP» şirkəti 2024-cü ildə təxminən 500 milyon avro xalis mənfəət əldəedib, və dekabrın sonunda 408 milyon avro xalis pul mövqeyinə sahib olub. Hazırda şirkət İtaliyanın şərqindəki Ancona şəhərində yerləşən neft emalı zavoduna, eləcə də şimaldakı Trecatedəki SARPOM neft emalı zavoduna malikdir. Ravennadakı Alma neft emalı zavodu isə icarəyə verilib.
İtaliya hökuməti enerji şirkətləri və neft emalı zavodları da daxil olmaqla kritik aktivləri əhatə edən sövdələşmələrə xüsusi diqqət yetirir və onların satışından əvvəl şərtlər müəyyən edir.
İki mənbə «Röyters»ə bildirib ki, İtaliya rəsmiləri zavod satın alınacağı təqdirdə tədarükün davam etdirilməsi və iş yerlərinin qorunması ilə bağlı zəmanət almaq üçün SOCAR və Azərbaycan hökumətinə müraciət edib.
Xatırladaq ki, rəsmi Roma və Bakı arasında yaxşı diplomatik əlaqələr mövcuddur və Azərbaycan Trans-Adriatik Boru Kəməri vasitəsilə İtaliya üçün mühüm qaz təchizatçısıdır.
Xatırladılır ki, bu ilin əvvəlində Azərbaycanın Baku Steel Company İtaliyanın ən böyük polad şirkəti Acciaierie d'Italia ilə maraqlandığını bildirsə də, o, Roma ilə hərtərəfli sövdələşməni yekunlaşdıra bilmədi və hökuməti tender prosesini yenidən açmağa vadar etdi.
Söydələşmə ilə bağlı Brachetti Peretti ailəsinə UniCredit şirkəti, SOCAR-a isə «Intesa Sanpaolo IMI CIB» şirkəti məsləhət verir.