Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin törəmə müəssisəsi- STAR Neft Emalı Zavodu 2020-ci ildə qlobal pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq rekord rəqəmlərə imza atıb.
Eləcə də bax: Anar Məmmədov: “Petkim”lə “Star”ın inteqrasiyası -2-3 İlə Reallaşa Bilər
Şirkətdən FED.az-a uverilən məlumata görə, emal gücü 10 milyon ton həcmində müəyyənləşdirilən STAR NEZ istehsal planını artıraraq bu həcmi 10,5 milyon tona çatdırıb. 2020-ci ildə təxminən 10,3 milyon tonluq satış həyata keçirən zavod bu həcmin təxminən 70%-ni Türkiyənin daxili bazarında satıb. Xatırladaq ki, Türkiyə indiyədək bu məhsulların bir hissəsini xaricdən alırdı.
“SOCAR Türkiyə”nin Emal və Neft-Kimya bölməsinin rəhbəri Anar Məmmədov STAR NEZ-in yüksək göstəricilərini şərh edərkən deyib ki: “Petkimin xammalı olan naftanın tədarükü ilə yanaşı, daxili bazarda həyata keçirdiyimiz satışlarla Türkiyənin cari kəsirinin azalmasına mühüm töhfə verdik. STAR NEZ-də sahib olduğumuz qabaqcıl texnologiya, Petkimlə inteqrasiya, əlverişli rəqəmsal transformasiya modelimiz, səmərəli istehsal planı və optimallaşdırma prosesləri bu uğuru qazanmağımız üçün şərait yaratdı».
Şirkət rəhbəri bildirib ki, pandemiya dövründə təyyarə yanacağına tələbat azalsdığına görə, şirkət istehsal istiqamətini dəyişib dizel yanacağına üstünlük verib «Pandemiya səbəbindən təyyarə yanacağına tələbatın azalmasını nəzərə alaraq, potensialımızı sürətlə dizel yanacağına yönəldib fasiləsiz istehsala davam edə bildik. Xüsusilə, 2020-ci ilin ikinci yarısından etibarən 100%-dən artıq istehsal gücü ilə çalışaraq zavodumuzun xam neft emalı həcmini 10,5 milyon tona qaldırdıq».
Digər maraqlı məqam odur ki, pandemiyanın təsiri ilə neftin ucuzlaşdığı, neft və əlaqəli sahələrdə çalışan şirkətlərinin gəlirlərinin azaldığı 2020-ci ildə STAR NEZ böyük həcmli krediti qaytarmağa nail olub. Anar Məmmədov bildirib ki: «STAR NEZ bu çətin ildə 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail olub».
Xatırladaq ki, STAR NEZ 6,3 milyard dollarlıq dəyəri ilə Türkiyədə real sektorun tək nöqtəyə yatırdığı ən böyük investisiya layihəsidir.
Pandemiya dövründə baş verənlər, şirkətin menecmentini vadar edib ki, biznesi daha çevik və elastik etmək barədə düşünsün. Bunun üçün STAR NEZ-də əlavə anbar tutumlarının yaradılmasına qərar verilib. Bu layihəyə artıq 45 milyon dollar xərclənəcək: «Zavodumuzun anbar tutumunu və əməliyyat elastikliyini artıracaq investisiyalarımızı da davam etdiririk. Bu çərçivədə, təxminən 45 milyon dollarlıq sərmayə büdcəsinə malik olan “NEZ-in elastikliyinin, iş qabiliyyətinin və gəlirliliyinin yaxşılaşdırılması” layihəsini (IFOP) bu il başa çatdıracağıq. IFOP layihəsi ilə birlikdə ümumi dəyəri təxminən 600 milyon dollar təşkil edən və böyük hissəsi əlavə anbar tutumu ilə əlaqədar olan yeni investisiyalarımızı da 2022-ci ildə tamamlamağı planlaşdırırıq».
Qeyd edək ki, STAR NEZ SOCAR-ın ən dinamik və uğurlu yatırımlarından sayılır. Fəaliyyətə başladıqdan cəmi 1 il sonra, 2019-cu ildə İstanbul Sənaye Palatasının “Türkiyənən 500 böyük sənaye qurumu” siyahısında 5-ci yeri tutan STAR NEZ müasir konfiqurasiyası sayəsində 100 növdən artıq nefti emal etmək qabiliyyətinə malikdir.