Pakistan Azərbaycana Pakistan ərazisində neft emalı zavodu qurmağı təklif edib.
FED.az xəbər verir ki, bu barədə təklifi Pakistan prezidenti Arif Alvi Bakıda səfərdə olarkən prezident İlham Əliyevlə görüşündə səsləndirib.
Eləcə də bax: SOCAR Türkiyədə 100 milyon dollarlıq - MÜQAVLƏ QAZANDI
Görüşdə Pakistan prezidenti iki ölkə arasında ticarətin artırılmasını və bir sıra sahələrdə əməkdaşlığın inkişafını təklif edib. Bu sahələrə təhsil və səhiyyə misal ola bilər: «Mən geri qayıdandan sonra Pakistanın yaxşı təhsil verən və yaxşı xəstəxana, müalicə xidmətləri təklif edən qurumlarını Bakıda standartlara cavab verən xəstəxana və məktəblər tikmək imkanlarını nəzərdən keçirməyə ruhlandıracağam»-deyə prezident bildirib.
Eyni zamanda, Arif Alvi Azərbaycanı da Pakistanın neft sektoruna dəvət edib: «Azərbaycan neft sektorunda möhtəşəm, uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadarda neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim».
Qeyd edək ki, Qvadar Pakistanın Hind okeanı sahilində, İranla sərhədə yaxın ərazidə dəniz limanıdır. Pakistan prezidenti bildiribki, Şimal-Cənub dəhlizi faktiki olaraq Çabahardan keçir: «Qvadarla da bağlantı yaratmaq olar ki, Azərbaycan cənubdakı okean vasitəsilə bütün təchizat məhsullarını ixrac edə bilsin. Bir çox sahələrdə əməkdaşlığı artırmaq mümkündür».
Qeyd edək ki, Azərbaycanın ölkədən kənarda neft emalı müəssisəsi yaratmaq təcrübəsi var. Dövlət Neft Şirkəti SOCAR Türkiyənin İzmir vilayətinin Əliağa bölgəsində «Star» neft emalı zavolunu işə salıb. Zavodun ildə 500 milyon dollar mənfəətlə işləməsi gözlənilir.