“SOCAR AQŞ” Türkiyənin möhtəşəm “Duz Gölü” yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində $100 mln.-luq qazma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, “SOCAR AQŞ” şirkəti Türkiyədəki “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində təxminən $100 mln. dəyərində qazma müqaviləsi imzalayıb. Bu barədə şirkətin icimaiyyət üçün yaydığı məlumatında deyilir.
Eləcə də bax: İstanbul Hava Limanı təyyarə yanacağını – SOCAR-ın «STAR» ZAVODUNDAN ALACAQ
“SOCAR AQŞ” və “China CAMC Engineering Co. Ltd. – IC İçtaş Construction Industries & Trade Inc.” şirkəti arasında sözügedən işlərin yerinə yetirilməsi haqqında müqavilə imzalanıb.
İnteqrə olunmuş qazma xidmətləri müqaviləsi Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi məqsədilə 40 quyunun qazılmasını nəzərdə tutur.
“SOCAR AQŞ” bu vacib layihə üzrə “China CAMC Engineering Co. Ltd. – IC İçtaş Construction Industries & Trade Inc.” şirkəti ilə əməkdaşlıq etməsini yüksək qiymətləndirir. Biz bütün potensialımızı cəlb edərək biznes tərəfdaşlarımız və bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq çərçivəsində bu layihənin Türkiyə, sifarişçimiz və “SOCAR AQŞ” üçün uğurlu olacağına ümid edirik”, – deyə “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev bildirib.
“Bugünkü imzalama mərasimi iki şirkət və nəticə etibarilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və “SOCAR AQŞ” bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək”, – deyə “IC İctas” şirkətinin baş direktoru Murat Mehmet Kurtuluş qeyd edib.
“SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” tərəfindən qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Səhmdarları SOCAR, «Nobel Oil Services» və «Absheron Qazma» şirkətləridir.
Hazırda “SOCAR-AQŞ” “Günəşli” yatağının dayazsulu hissəsində (7 və 11 saylı platformalardan), “Ümid” (Ümid-1 platformasından), “Bulla” (6 saylı platformadan) və “Qərbi Abşeron” yataqlarında (10 saylı platformadan) qazma işləri həyata keçirir.
“IC İctas Construction” şirkəti 1969-cu ildə yaradılıb. Şirkət hava limanı tikintisi, sürət qatarı layihələri, yol və körpü tikintisi, yüksək həcmli elektrik stansiyaları, intellektual binalar, biznes mərkəzləri, turizm obyektləri, suvarma sistemi qurğuları, ictimai binalar, tibb müəssisələri, universitet və məktəb binaları kimi bir çox layihələrin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Şirkət, həmçinin enerji sektoruna da investisiya qoyur.
caspianbarrel