Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Hindistanın “Mangalore Refinery and Petrochemicals Limited” (MRPL) və “Oil and Natural Gas Corporation Limited” (ONGC) şirkətləri ilə enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (MoU) imzalayıb.
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
FED.az xəbər verir ki, memorandum Hindistan Enerji Həftəsi çərçivəsində imzalanıb və tərəflər arasında strateji imkanların araşdırılmasını nəzərdə tutur. Razılaşma xam neft və mayeləşdirilmiş təbii qazın tədarükü, neft məhsullarının satışı və tədarükü, ticarət imkanlarının öyrənilməsi, eləcə də bilik mübadiləsi yolu ilə potensialın artırılması kimi əsas istiqamətləri əhatə edir.
ONGC qeyd edib ki, bu tərəfdaşlıq şirkətin Azərbaycanın neft-qaz sektorunda, xüsusilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihələrində iştirakını gücləndirəcək.
“Anlaşma memorandumu ONGC və MRPL-in qlobal enerji bazarındakı iştirakını genişləndirməyə, eyni zamanda Hindistan və Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirməyə imkan verəcək”, - deyə şirkət bildirib.
Qeyd edək ki, hazırda “ONGC Videsh” Azərbaycanda AÇG layihəsində 2,92 %, BTC neft kəmərində isə 3,1 % paya malikdir. 1988-ci ildə təsis edilmiş MRPL isə ONGC-nin törəmə şirkəti olaraq Manqalorda neft emalı zavodunu idarə edir. (Report)