SOCAR Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində uşaq bağçasının inşasına başlayıb.
SOCAR-dan FED.az-a verilən məlumata görə, bağçanın təməlqoyma mərasimində Gürcüstan parlamentinin deputatı David Sonqulaşvili, Kaxetiya qubernatoru İrakli Şioşvili, Saqareco meri vəzifəsinə namizəd Avtandil Qulikaşvili, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov iştirak ediblər.
Mərasimdə qeyd edilib ki, 22 000 əhalisi olan Yormuğanlı kəndində uşaq bağçasının tikintisi bütünlüklə SOCAR Energy Georgia tərəfindən həyata keçiriləcək və xeyriyyə məqsədilə dövlətə təhvil veriləcək. 160 yerlik uşaq bağçası beynəlxalq və Gürcüstanda müvafiq tikililər üçün müəyyən olunmuş standartların tələblərinə uyğun şəkildə inşa ediləcək.
SOCAR ilk böyük beynəlxalq investisiyasını Azərbaycanı Avropa ilə birləşdirən BTC tranzit xətti üzərindəki ölkələrə (Gürcüstan və Türkiyə) qoymuşdur. “SOCAR Gürcüstan” 2006-cı ildə yaradılıb. Elə həmin il neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə Kulevi Neft Terminalı və limanı satın alınmışdır. Hazırda SOCAR Gürcüstanda həm də qazpaylayıcı şəbəkə və yanacdoldurma şəbəkəsinin operatoru kimi fəaliyyət göstərir. “SOCAR Georgia Petroleum” MMC 111 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. “SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanması ilə məşğuldur və yerli qaz şəbəkəsini idarə edir. SOCAR öz kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda əsasən azərbaycanlıların məskunlaşdığı məntəqələrdə mütəmadi olaraq, müxtəlif yönümlü sosial məsuliyyət layihələrini də həyata keçirir.