Almaniyanın "VNG" şirkəti gələcəkdə SOCAR tərəfindən hasil olunan qazı satacağına ümid edir.
"Tərəfdaşlarımız yeni layihələrin həyata keçirilməsinə maraq göstərirlər"
FED.az xəbər verir ki, bu barədə bu gün "VNG Handel & Vertrieb GmbH" şirkətinin idarəedici direktoru Konstantin Herzoq Von Oldenburq 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.
"Biz qaz idxalı və topdan ticarəti sahəsində fəaliyyət göstərməklə, ildə təqribən 15-18 milyard kubmetr qaz satırıq. Mən qaz balansından danışmıram, söhbət Almaniya və qonşu ölkələrdə fiziki satışlardan gedir. Biz əvvəllər Almaniyaya Rusiya və Norveç qazını idxal edirdik. Bu ildən Əlcəzair qazının idxalına başladıq və gələcəkdə portfelimizi SOCAR-ın hasil etdiyi qazla tamamlayacağımıza ümid edirik", - o deyib.
Qeyd edək ki, iyunun 6-da Bakı Enerji Forumunun ikinci günü başlayıb.
Bu gün panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə olunacaq. (Trend)