ABŞ-İran razılaşması son 3 ayda yüksək səviyyələrdə olan neft qiymətlərini çökdürüb.
FED.az biznes və malityyə xəbərləri portalı xəbər verir ki, bu gün Londonun ICE birjasında avqust ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 80 dollardan aşağı düşüb. Bu, mart ayının 3-dən bəri, yəni son 3 ay ərzində neftin ən aşağı qiymətidir.
Brent markalı neftin qiyməti gün ərzində 3,57 dollar və ya 4,29% azalaraq barel üçün 79,60 dollara düşüb.
Eyni zamanda, iyul ayı üçün WTI xam neft fyuçerslərinin qiyməti 3,95 dollar və ya 4,89% azalaraq barel üçün 76,80 dollara düşüb.
Neftin ucuzlaşmasının səbəbi Hörmüz boğazının açılması ilə bağlı xəbərlər olub. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, dəniz dəhlizi artıq qismən yenidən açılıb və Vaşinqtonla Tehran arasında sülh sazişi imzalandıqdan sonra tamamilə açılacaq.
Bunun 19 iyunda İsveçrədə baş tutacağı gözlənilir. İran Xarici İşlər Nazirliyi də ABŞ-ın dəniz blokadasının tədricən aradan qaldırıldığını təsdiqləyib və İran mediası bir neçə neft tankeri də daxil olmaqla gəmilərin boğazda üzməyə başladığını bildirib.
Baş verənlər Azərbaycan neftini də ucuzlaşdırıb. İranda müharibə başlayandan sonra əksər günlərdə 100 dolllardan yuxarı qalxan neft qiyməti son 3 gündə 10 dollar ucuzlaşaraq 96 dollardan 86 dollara enib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan büdcəsində neftin qiyməti 65 dollar götürülüb, 1-ci rübün nəticələri üzrə isə orta qiymət 79 dollar olub.














