Bu gün dünya bazarında neftin qiyməti yenidən kəskin aşağı düşüb.
FED.az xəbər verir ki, London ICE birjasında Brent markalı neftin 1 barelinin qiyməti avqustun 20-dən bəri ilk dəfə olaraq yenidən 66 dollardan aşağı düşüb.
Birjada noyabr təhvili fyuçers müqavilələri üzrə «Brent» markalı neftin qiyməti 66 dollardan aşağı düşərək əvvəl 2,3% ucuzlaşaraq 65,35 dollara, daha sonra isə 2,73% ucuzlaşaraq 65,16 dollara enib.
Başqa sözlə bir gündə neft 1,83 dollar ucuzlaşıb. Paralel olaraq WTI markalı neft də ucuzlaşıb. Bu neftin oktyabr fyuçersləri üzrə qiymətidə təxminən 1,6 dollar ucuzlaşaraq 61,14 dollara enib.
Axşama doğru, WTI markalı neft 62 dollardan da aşağı enərək 61,54 dollar olub – gün ərzində 3% və ya təxminən 2 dollar ucuzlaşma.
Xatırladaq ki, dünya bazarında Brent neftinin ucuzlaşması Azərbaycanın xarici bazara satdığı Azeri Light markalı neftin qiymiətinə də təsir edir.
FED.az xatırladır ki, onsuz da avqustun 5-dən bəri Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulan 70 dollara çata bilmirdi.
Bu həftə neft 2 gün 70 dollardan artıq olsa da, yenidən 69 dollara qayıdıb.
Bugünkü qiymət artımından sonra isə Azərbaycan neftinin daha çox ucuzlaşacağı, təqribə qiymətə görə, 67-68 dollara enəcəyi gözlənilir.
Məhz bu risk səbəbindən büdcə gəlirləri nəzərdə tutulandan artıq olduğu halda, hələlik xərclərdə qənaət hiss olunur.
Belə ki, iki gün əvvəl Maliyyə Nazirliyi açıqlamışdı ki, 2025-in ilk 8 ayında büdcənin gəlirləri 26 milyard 359 milyon manat olub, bu rəqəm proqnozdan 700 milyon manat artıqdır.
Gəlirlərin artıq olmasına baxmayaraq xərclər proqnozdan az olub – 8 ayda büdcənin xərcləri 22 milyard 308 milyon manat olub. Halbuki proqnoza görə xərclər 23 milyard 726 milyon manat olmalıydı, bir sözlə, 8 ayda hökumət büdcə xərclərində 1 milyard 418 milyon manata qənaət edib.