Dünya bazarında neft sürətlə ucuzlaşır – qiymət enməsi bir gündə 10-11% təşkil edib.
FED.az xəbər verir ki, WTI markalı neftin qiyməti 70 dollara, «Brent» nefti isə 74 dollara düşüb. Bu sentyabrın 21-dən bəri ən aşağı qiymətdir.
London birjasında (ICE) Brent nefti üzrə yanvar müqavilələrində qiymətlər 10,6% azalaraq 73,5 dollara, WTI nefti isə 11,5% ucuzlaşaraq 69,3 dollara enib.
Neftin ucuzlaşmasının səbəbi koronavirusun yeni ştammının (növünün) yayılması barədə xəbərləri olub. Ekspertlərin fikrincə, məlum olsa ki, indiyədək aparılan vaksinləşmə işləri və vaksinlər yeni ştamma təsir etmir, bu dünyada yenidən qapanma riski yaradacaq və neftə tələbatı bir qədər də azaldacaq. Bəzi ekspertlər bildirir ki, yeni lokdaunların (qapanma) tətbiqi nəticəsində Brent nefti 70 dollaradək ucuzlaşa bilər.
Xatırladaq ki, bir qədər əvvəl «Bank of America» neftin qiymətinin 2022-ci ilin sonunda 120 dollar yüksələcəyini bildirmişdi. Bankın analitikləri hesab edirlər ki, benzinə tələbatın artması və emal güclərinin məhdud olması neftin qiymətini artıracaq.