İki gün əvvəl – noyabrın 23-də Bakı Fond Birjasında «Optimal Elektronika» MMC-nin 2,5 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi baş tutdu.
FED.az xatırladır ki, şirkət istiqraz bazarı üçün qısa müddətə – cəmi 18 aylığa buraxılan istiqrazlar illik 12%-lə buraxılıb. Anderrayteri «AzFinance İnvestisiya Şirkəti» olan yerləşdirmə zamanı şirkətin bütün istiqrazları satılıb. Bununla da pula olan olan ehtiyacını kredit deyil, qiymətli kağızlar vasitəsilə ödəyən şirkətlərin sırasına daha biri əlavə olunub.
Eləcə də bax: "Optimal Elektronika" istiqraz ilə 5 milyon manat cəlb etməsinin səbəbini - AÇIQLAYIB
«Optimal Elektronika»nın təsisçisi və baş direktoru Əhəd Əsgərov fəaliyyəti, planları, koronavirus dövründə üzləşdiyi çətinliklər və müştərilərilə münasibətləri barədə FED.az-ın suallarını cavablandırıb:
- Əhəd müəllim, «Optimal Elektroniks» iki gün əvvəl 2,5 milyon manatlıq istiqraz buraxdı. İstiqraz buraxılışında məqsəd nədir? Yəni əldə edilən vəsait hansı məqsədlə istifadə olunacaq?
- İstiqraz buraxılışında məqsədiİşimiz işimizi genişləndirmək üçün investisiya cəlb etməkdir. İstiqraz da bunun üçün yaxşı vasitədir. Hazırda bu sahə dünyanın hər yerində inkişaf edir. Azərbaycanda da inkişaf etmək istəyir və müəyyən qədər də o inkişaf sürətini görürük. Buna görə sə düşünürük ki, investisiyanı bu yolla cəlb eləmək daha yaxşıdır. Yeri gəlmişkən, 2,5 milyon manatlıq istiqraz hələ birinci mərhələdir, qarşıdakı dövrdə daha 2,5 milyon manatlıq istiqraz buraxılacaq və ondan sonra da bu proses davam edəcək.
- Amma şirkət bu vəsaiti bankdan kredit kimi də cəlb edə bilərdi, nəyə görə istiqraz variantı seçildi?
- İstiqraz variantında bir sıra üstünlüklər var. Əvvəla burada girov tələb olunmur, yalnız sənin şəffaflığının qarşılığında daha rahat investisiya cəlb edə bilirsən. Əgər həqiqətən də işləyən və gəlirli şirkətsənsə, insanların güvəndiyi şirkətsənsə, istiqraz variantı daha perspektivli olur. Gələcək də bundadır.
- Son illər «Optimal Elektronika»nın kredit portfeli ilə yanaşı, problemli kreditlərinin də həcmi və payı artmaqdadır. Bunun səbəbi nədir?
- Koronavirus dönəmində artmaqda idi. Çünki insanlar kütləvi sürətdə iş yerlərini itirdilər. 2020-ci il aprelin 1-ə kimi olan dövrdə indiyədək ümumiyyətlə 1 gün belə gecikməsi olmayan insanların öz iş yerlərini itirməsinə görə belə hallar olurdu.
Biz pandemiya dövründə ümumiyyətlə, aqressiv siyasət seçmədik, yəni müştərilərin evinə getmək, onlarla mübahisə etmək və sair, belə bir siyasət seçmədik, çünki o işini itirib, ailəsini çətinliklə dolandırır.
Həmin vaxt insanların üzərinə gedib məhkəməyə verməyi də düzgün saymırdıq. Çünki bizim müştərimizdir, həmişə düzgün olub, indi isə obyektiv səbəblərə görə gecikməsi olub. Bizdə gecikmələrin əksəriyyətini obyektiv səbəblər təşkil edir. Normal gecikən həmişə eynidir, amma kütləvi gecikmələr obyektiv səbəblərə görə artmışdı. Lakin artıq 2021-ci ilin may ayından etibarən gecikmələr yenə əvvəlki vəziyyətə qayıdılıb. Həmin tarixdən 7 ay keçib, amma gecikmələr 1 %-dən də aşağıdır, bu da normal haldır. Həmin vaxtda problemi olanların da kreditlərini restrukturizasiya edirik, yəni müştərilərə vaxt veririk. İlk 6 ayını da güzəştli müddət edirik. İnsanlara vaxt veririk ki, onlar kreditlərini yavaş-yavaş ödəsinlər, məsələn ayda 200 manat ödəyə bilmir, 50 manat ödəyə bilirsə, biz onlara şərait yaradırıq. Həm müştəriləri itirməmək üçün, həm də bizim də bir iş adamı kimi borcumuzdur ki, həmin insanları o vəziyyətdən çıxaraq.
- Şirkət qaytarılmayan borcları necə toplayır? Hazırda mövcud olan məhkəmə praktikası bu borcları toplamaq üçün effektlidirmi?
- Bu borcların yığılması üçün məhkəmə variantı o qədər də təsirli deyil. Çünki məhkəməyə verəndə adamın ödəmə qabiliyyəti yoxdursa, yenə də isyədiyimiz nəticə olmur. Biz o halda məhkəməyə veririk ki, insan ümumiyyətlə kredit ödəməkdən imtina eləyir. Amma insan az-az da olsa ödəyəməyə hazırdırsa, biz onları məhkəməyə vermirik, çalışırıq ki, aramızda anlaşaq. Belə anlaşmalar da faiz etibarilə çox böyükdür. Ona görə də məhkəmə perspektivinə çox da ümid etmirik, çünki məhkəmədən geri dönüşlər 10-15 faiz civarındadır, amma insanlarla anlaşma ilə 90 faiz geri dönüş olur.
- Problemli kreditlərin qarşısını əvvəlcədən almaq üçün satışlarda və ya müştərilər üçün hansısa yeni tələblər tətbiq edilə bilərmi?
- Biz müştərilərimizə yeni tələbi yalnız maliyyə vəziyyətinə, əmək haqqına və mövcud borcuna əsasən edirik. Əgər əmək haqqı borclarını qarşılaya bilirsə, biz o halda kreditləri verə bilirik. Əgər qarşılamırsa biz deyirik ki, borcları azalanda yenidən müraciət etsin.
- Əhəd müəllim, son vaxtlar çoxsaylı şəbəkələr yaranıb və onlar artıq ənənəvi elektrnika malları ilə yanaşı, mebel, digər məişət əşyaları hətta geyimlər satmağa başlayıblar. Bəs sizin məhsulların çeşidlərində hansı yenilik gözlənilir (məsələn, geyim, ev tekstili və ya avtomobil aksessuarları və sair)?
- Biz çalışırıq məhsullarımızın çeşidini öz seqmentimizə uyğun olaraq artıraq. Fikrimizcə burada çox böyük istifadə olunmayan resurslar var. Bir də müştəriyə xidmətimizi daha da artırmaq istəyirik.
Bilmirəm siz bizim reklamlarlan görmüsünüzmü, biz ölkədə yeganə şirkətik ki, Bakı-Sumqayıt ərazisi üzrə texnikanı 4 saata çatdırıb quraşdırıq. Nəzərə alırıq ki, pandemiyaya görə, müştərinin evinə 1 dəfə getmək lazımdır. Krediti də 15 dəqiqə ərzində rəsmiləşdiririk, yəni işimizlə belə standartlar gətiririk.
Yeri gəlmişkən, hazırda ən böyük biznes şəbəkə «Optimal Elektronika»ya məxsusdur - bizim təxminən 82 mağazamız var, biz bütün regionu əhatə eləyirik.
Bununla yanaşı, məhsul keyfiyyətində də uzun müddətli zəmanətlər vermək istəyirik, məsələn 5-7 illik. Müştərinin müəyyən qədər xərci olsa da, belə zəmanətlə keyfiyyət də qorunur, xidmətin səviyyəsini artırmaqla işimizi böyütmək istəyirik. Biz məhsulların çeşidlərini də artırıb ən keyfiyyətli məhsulları ölkəyə gətiririk. Biz bunlarla fərqlənirik və istəyirik ki, bu xidmətimizdə də digərlərindən fərqlənərək ölkənin hər yerində olaq. Hazırda istənilən filialımızdakı xidməti Bakıdakı xidmət səviyyəsinə çatdırmaq istəyirik. Məsələn, ölkə rayonlarına məhsulu 1 günə çatdırıb quraşdırırıq. Çalışırıq ki, o məsafələri də qısaldaq.
- Əhəd müəllim, Vergi Məcəlləsinə gələn ildən ediləcək dəyişikliklərə əsasən iri həcmli satışlar yalnız nağdsız qaydada həyata keçiriləcək. Yəni kartla və ya köçürmə ilə. Bu yeniliyə münasibətiniz necədir? Bu yenilik malların satışına, onların qiymətinə necə təsir edəcək?
- Yenilik məhsulların qiymətinə demək olar ki, təsir etməyəcək. Bu yeniliyi - nağdsız satışa keçidi alqışlayırıq. Artıq itkilər də az olacaq, nəzarət etmək də asanlaşacaq, yəni bu yenilik əslində bizi qane edir. Belə olanda insanları analiz etmək də rahat olacaq, onlara kredit vermək də asanlaşacaq, çünki müştərini də şəffaf şəkildə görəcəyik. Ona görə bu yenilik bizim işimizi yaxşılaşdıracaq. Düşünürəm ki, qısa vaxta ölkəmizdə də nağdsız alışlar 90%-ə çatacaq, eynilə inkişaf etmiş ölkələrdə olduğu kimi.