Dünya enerji bazarında ticarət günü qazın 1000 kubmetrinin 800 dollara kimi yüksəlməsi ilə başladı. Dünya bazarını 20 faiz sıxılmış qaz (LHG) ilə təmin edən “Qatar Energy” dövlət şirkəti yalnız qaz deyil, ümumiyyətlə, neft və kimya məhsulları istehsalını dayandırdığını bəyan etdikdən dərhal sonra Niderlanddakı TTF birjasında qazın qiymətləri kəskin şəkildə artdı.
İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb - SON QİYMƏT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünya qaz bazarında 2022-ci ildə baş verənlər təkrarlanır. Məsələ burasındadır ki, 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayanda Avropada təbii qazın qiyməti 1000 kubmetrə görə 4000 dollara kimi artmışdı. Lakin həmin dövrdə Avropa qaz idxalını şaxələndirməmişdi. Azərbaycanın strateji hesab edilən Cənub Qaz Dəhlizi də tam gücü ilə fəaliyyət göstərmirdi. Digər tərəfdən ABŞ və Qətər Avropaya məhdud həcmdə qaz ixrac edirdilər. Çünki Avropanın qaza olan tələbatının 45 faizini Rusiya təchiz edirdi. Rusiya qazından tamamilə imtina edən Avropa İttifaqı (Aİ) qısa müddət ərzində qaz təchizatını şaxələndirdi. Ötən il Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya 14 milyard kubmetr qaz ixrac etdi. 2027-ci ilə kimi Azərbaycanın Avropaya qaz ixracının həcmi 20 milyard kubmetrə çatdırılacaq. Bu gün Azərbaycan 2-sı Aİ üzvü olmaqla 16 Avropa ölkəsini təbii qaz ilə təmin edir. Digər tərəfdən Aİ Norveç və Niderlanddakı qaz yataqlarında hasilatı intensivləşdirdi və ABŞ ilə Qətərdən sıxılmış qaz idxalını artırdı. Bu tədbirlər qazın qiymətini sabitləşdirdi. Cari ilin qış aylarının soyuq keçməsi qazın qiymətinə təsir etsə də, böhran yaratmadı. Avropa böhranlı illərin təcrübəsindən çıxış edərək qaz anbarlarını 100 faiz doldurmuşdu. Lakin qeyd etdiyimiz kimi, qışın sərt keçməsi tələbatı artırıb və anbarlar boşalıb. Havaların sabitləşməsi ilə əlaqədar tələbatın azalmasından istifadə edən şirkətlər qaz tədarükünə yenicə başlamışdılar ki, ABŞ ilə İsrail İrana qarşı hərbi əməliyyatlara başladı və Hörmüz boğazını İran hərbçiləri bağladılar. Şirkətlər anbarlara yalnız 30 faiz qaz tədarükü edə bildilər. Anbarların yarıdan az olması və idxalın dayanması qiymətin kəskin artmasına səbəb oldu. Analitiklər hesab edir ki, hərbi əməliyyatlar uzun müddət davam etsə, qiymətlər daha da artacaq. Hər halda 2022-ci ildəki kimi 4 min dollara çatmayacaq. (Azərtac)











