Azərbaycanda avtomobil yanacağı bazarını aparıcı şirkətlərindən olan “LUKOİL”un yanacaqdoldurma məntəqələrində yeniliklər başlayıb.
Eləcə də bax: İki şirkət "LUKoil"un - SƏHMLƏRİNİ ALIR
FED.az xəbər verir ki, bundan sonra avtomobil sahibləri “LUKOİL”un YDĞ-larında ödənişi fərqli üsulla edə biləcək, üstəlik kampaniya zamanı ilk ödənişdə endirim qazanacaqlar.
İstifadəçilər E-PUL servisinin mobil əlavəsi vasitəsilə QR kodla Bakıdakı LUKOİL brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində ödənişlərini həyata keçirə bilər.
Ödənişlərinizi rahat və təhlükəsiz həyata keçirmək üçün aşağıdakıları yerinə yetirin:
- E-PUL mobil əlavəsini yükləyin:
Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4
- Kartı qeydiyyatdan keçirin və təhlükəsiz sistemə əlavə edin;
- Operator kassada məbləği daxil etdikdən sonra yanacaq sütununa quraşdırılmış QR kodu oxudun;
- Mobil əlavədə operator tərəfindən kassada daxil edilən məbləğ əks ediləcək;
- Bir toxunuşla vəsait kartdan silinir və bu əməliyyat E-PUL hesabında "Tarixçə" bölməsində əks ediləcək;
- Kassada operatora ödənişin uğurla həyata keçirilməsi barədə qəbz verilir.
Göründüyü kimi, bu yenilik bir sıra üstünlüklərə malikdir. Artıq operatorun ödənişi qəbul etmək üçün POS-terminalla sürücüyə yaxınlaşmasına ehtiyac qalmır. Başqa sözlə, müştərilərlə operator arasında təmas minimuma endirilir ki, bu da pandemiya dövründə olduqca önəmlidir.
Yeniliklə bağlı məlumat verən "Paysis" MMC-nin baş direktoru Samir Nasibov bunları xüsusi vurğuladı: “Azərbaycanda bu xidmətin hələ tətbiq edilməməsinə və populyar olmamasına baxmayaraq, QR ödənişləri sürətli və rahat ödənişləri təmin edir. POS-terminaldan istifadə etmədən ödənişləri anında yerinə yetirmək olur. Qürur duyuruq ki, "Lukoyl-Azərbaycan" QSC və Visa ilə birlikdə ilk dəfə Azərbaycanda bu xidməti təqdim edirik. Bununla da nağdsız ödənişlər istiqamətində fəaliyyətimiz daha da genişləndirilir və rəqəmsal iqtisadiyyata keçidin sürətlənməsinə şərait yaradılır".
"Lukoyl-Azərbaycan" QSC-nin baş direktoru Zaur Cəlilov isə bildirdi ki, onun rəhbərlik etdiyi şirkət üçün bu layihənin reallaşdırılması müştərilərin rahatlığı və məmnuniyyəti üçün atılmış uğurlu addımlardan biridir: "Biz daim inkişaf və rahatlıq imkanlarını axtarır, xidmətin operativliyini artırmaq üçün yeni nəsil texnologiyalar tətbiq edirik. Artıq LUKOIL YDM-lərində siz mobil tətbiqin köməyi ilə avtomobildən çıxmadan yanacaq doldura bilərsiniz. Sevindiricidir ki, VISA və E-PUL kimi innovativ tərəfdaşlarla birgə növbələrsiz, xeyli sayda ödəniş kartı və nağd pulu daşımağa ehtiyac olmayan gələcəyi yaxınlaşdırırıq".
İnnovativ olanlar hər zaman qazanır! İyunun 11-dən LUKOİL yanacaqdoldurma məntəqələrindən QR kodla minimum 10 AZN dəyərində yanacaq alan hər bir E-PUL və VİSA istifadəçiləri ilk tranzaksiyaya 5 AZN endirim əldə edəcək.