Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” 2027–2029-cu illərdə dünya bazarında neft və təbii qaz qiymətlərinin əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırır.
FED.az “Fitch Ratings”in 25 noyabr 2026-cı il tarixli “Cənub Qaz Dəhlizi” QSC-yə dair reytinq hesabatına istinadən xəbər verir ki, agentliyin reytinq qiymətləndirməsində əsas götürdüyü proqnozlara görə, “Brent” markalı neftin bir barelinin orta qiyməti 2026-cı ildə 87 dollar, 2027-ci ildə 65 dollar, 2028 və 2029-cu illərdə isə 60 dollar təşkil edəcək.
Beləliklə, agentlik 2027-ci ildə neftin orta qiymətinin 2026-cı illə müqayisədə 22 dollar və ya 25,3 faiz, 2028-ci ildə isə 27 dollar və ya 31 faiz aşağı olacağını nəzərdə tutur.
“Fitch” Avropanın TTF qaz bazarında qiymətlərin daha kəskin azalacağını proqnozlaşdırır. Agentliyin proqnozuna əsasən, təbii qazın min kubfutunun orta qiyməti 2026-cı ildə 18 dollar, 2027-ci ildə 9 dollar, 2028 və 2029-cu illərdə isə 7 dollar təşkil edəcək.
Bu isə təbii qazın orta qiymətinin 2027-ci ildə 50 faiz, 2028-ci ildə isə 2026-cı illə müqayisədə 61,1 faiz azalması deməkdir.













