Avropada fəaliyyət göstərən sənaye müəssisələrinin 2/3-si ağır böhran vəziyyətinə düşüb. Şirkətlərin gəlirləri əsasən əmək haqlarının ödənilməsi və enerji xərclərinə sərf olunub ki, bu da onların əlavə sərmayə yatırımını və gəlirlərini məhdudlaşdırır. Digər tərəfdən isə Avropanın sənaye şirkətləri Çin istehsalı ilə rəqabəti artıq uduzub. Bütün bunlarla yanaşı, süni intellektin tətbiq 1,3 milyon iş yerinin bağlanması ilə nəticələnəcək.
FED.az xəbər verir ki, Körfəzdə hərbi-siyasi vəziyyətin gərgin olaraq qalması Hörmüz boğazından gəmilərin keçidinə imkan vermir ki, bu da Avropada enerji qiymətini rekord həddə artırıb.
“Financial Times” nəşri yazır ki, Avropadakı sənaye müəssisələrinin 50 faizi ağır maliyyə vəziyyəti ilə qarşılaşıb. Çinlə rəqabətin güclənməsi, kredit faizlərinin, enerji xərclərinin artması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi müəssisələri islahatlar apararaq iş yerlərini ixtisara salmaq məcburiyyətində qoyub. “Volkswagen” kimi şirkət 100 min əməkdaşını ixtisar etmək haqqında plan hazırlayıb. Oxşar addımı BMW və “Volvo” da atmaq istəyir. Bu şirkətlərin istehsal etdiyi avtomobillər dünya bazarında Çinin elektromobillərinə uduzur.
“McKinsey” konsaltinq şirkətinin apardığı araşdırmada deyilir ki, Avropada fəaliyyət göstərən 1200 şirkət ağır böhran vəziyyətindədir və onların bağlanma təhlükəsi var. Bu şirkətlər kimya sənayesindən tutmuş maşınqayırma sənayesinə kimi bütün sahələri əhatə edir ki, bu da Avropada yalnız avtomobil istehsalçılarını deyil, bütün sahələrin böhran keçirdiyini göstərir.













