Dünyada və regionda baş verən hadisələr Azərbaycan neftin bahalaşmasına və neft gəlirlərinin artımına səbəb olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində (OMBÇ) bildirilir.
«Cari ilin ilk rübündə cərəyan edən hadisələr nəticəsində “Azeri Light” markalı neftin bir barelinin orta ixrac qiyməti 82,2 ABŞ dolları təşkil edib»-deyə sənəddə qeyd edilir. Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollardan götürülüb.
Nazirliyin açıqladığı sənəddə bildirilir ki, 2025-ci ildə bir sıra enerji və ərzaq məhsullarının ucuzlaşması, qiymətli metalların isə əhəmiyyətli dərəcədə bahalaşması müşahidə edilib.
Azərbaycanı nefti isə 2025-də büdcədəki qiymətdən (çox da böyük olmasa da) baha qiymətə satılıb. Belə ki, 2025-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 71 dollar olub. Bu rəqəm 2024-cü ildəki orta qiymətdən 14,3% az olsa da, 2025-ci ilin dövlət büdcəsində əsas götürülən 70 dollarlıq qiymətdən 1,4% və ya 1 dollar baha olub.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65 ABŞ dolları olacağı fərz edilib”, – sənəddə qeyd olunur.
Yeri gəlmişkən, neftin bahalığına və neft gəlirlərinin artmasına baxmayaraq hökumət bu il büdcəni olduqca ehtiyatla idarə edir. Büdcə gəlirləri proqnozdan artıq olsa da, xərclər hələlik proqnozdan aşağıdır.
Belə ki, 2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib bu proqnozdan 459 milyon manat və ya 5 faiz artıqdır. Gəlirlər gözləniləndən artıq olsa da, xərclərə qənaət edilib. Belə ki, yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 8 milyard 12 milyon manat olub, bu, proqnozdan 197 milyon manat azdır.













