Dünyanın böyük neft şirkətləri bizneslərini dəyişirlər. Bəli, dəyişiklik ərəfəsində deyillər, artıq dəyişməyə başlayıblar. Yüz ildən artıq müddətdə qurulmuş və indiyədək özünü doğruldan biznes-model artıq dağılmaqdadır.
FED.az xəbər verir ki, uzun illərdən bəri iri neft şirkətlərinin rəhbərləri biznesin necə işlədiyini investorlara asanlıqla izah edirdilər. Sadəcə çoxlu neft tapıb, onu mümkün qədər ucuz qiymətə yerin altından çıxarmaq, mümkün qədər ucuz qiymətə emal etmək və alınan məhsulu mümkün qədər baha satmaq lazımdır. Sonra isə pulların necə axıb gəlməsinə tamaşa edirsən...
İndi hər şey bitib. Dəyişiklik o qədər dərin və ciddidir ki, «BP»nin baş direktoru bir qədər əvvəl etiraf edib ki, BP-nin ənənəvi məhsulu olan neftdənsə başqa bir məhsuldan daha çox gəlir götürmək olar. Bu - ...kofedir.
«Ola bilsin adamların xəbəri yoxdur – BP kofe də satır. Ötən il biz 150 milyon fincan neft satmışıq», - deyə Bernard Luni avqustda verdiyi müsahibədə BP-nin kiçik, amma şok effekti verən «sirri»ni açmışdı.
«Bloomberq» yazır ki, həmin kofe fincanları BP-nin yanacaqdoldurma məntəqələrində quraşdırılan içkilər üçün köşklərdə satılır. «Bu çox güclü və sürətlə artan biznesdir» - deyə BP-nin rəhbəri etiraf etmşidi.
Ola bilər ki, bu sadəcə zarafat idi və ya dünyanın 5-ci böyük neft şirkətinin rəhbərinin, istehlakçılara necə münasibət bəslədiklərini nümayiş etdirmək üçün əl atdığı fənd idi. Amma aydındırki, Luni və digər neft bossları var gücü ilə çalışırlar ki, dünyanın «yaşıl enerji» tələb etdiyi gələcək üçün planlarını indidən müəyyən etsinlər. «BloombergNEF»in məlumatına görə, ötən il, tarixdə ilk dəfə olaraq, günəş və külək enerjisi dünyada yeni tapılan enerji mənbələrinin yarıdan çoxunu təşkil edib. İndi bir fincan kapuçinodan gələn gəlirin yaxşı sayılması iri neft şirkətlərinin real vəziyyətini göstərir. «Big Oil» şirkətlərinin həmişə uduşdu sayılan qazma-hasilat-emal biznesindən bərpa olunan enerji biznesinə keçməsi asan olmayacaq.
Rəqəmlərə baxaq: BP-nin gündəlik neft-qaz hasilatı, barel ifadəsində
2019-da, ildə: 2,6 milyon
2030 üçün hədəf, ildə: 1,5 milyon
Bəzi enerji şirkətləri artıq 2030-cu ildə karbohidrogen hasilatını dayandırmağı hədəfləyirlər. Bu sahənin şirkətləri istəyir ki, dünya onların planetin sağlamlığı xətrinə hasil edilən yanacaqdan imtina etdiklərinə inansın.
Neft şirkətləri on illiklər boyu dünyadakı iqlim dəyişikliklərində rollarnı inkar edirdilər, indi isə onlar yaşıl fəallır, yerli siyasətçilər və pensiya fondlarının təzyiqi ilə real olaraq dəyişməyə məcbur qalıblar.
«Yaşıl enerji»yə keçid özünü Avropada daha qabarıq göstərir, amma ABŞ-da da hiss olunmağa başlayıb. Ötən ay «Exxon Mobil Corp» şirkəti 1928-ci ildən bəri ilk dəfə olaraq «Dow Jones Industrial Average» indeksindən çıxarılıb.
Böyük neft şirkətlərinin neftsiz gələcəyi necə olacaq?
Ən maraqlı yanaşmanı hələ ki, BP və İtaliyanın «Eni SpA» şirkəti ortaya qoyublar. Bu şirkətlər deyir ki, qarşıdakı 10 ildə onların biznesi (hansı ki, indi neftsiz təsəvvür etmək belə çətindir) ənənəvi neft şirkəti ilə kommunal biznesin arasında olacaq. Məsələn elektromobil sahibləri üçün kofe satışı biznesi! Təəccüblüdür, eləmi? Neft dünyası üçün bu dəhşətli xəbərdir! Nəzəriyyə göstərir ki, keçmiş biznes ortadan çıxdıqca, alternativ energetika, bioyanacaq və elektronmobil biznesi gəlirlə işləməyə başlayacaq.
Yenə rəqəmlərə baxaq:
BP-nin bərpa olunan enerji planları
2019-da: 2,5 QVt
2030 üçün hədəf: 50 QVt
Ekspertlər, o cümlədən «Goldman Sachs Group Inc.»in neft sektoru üzrə aparıcı analitiki Mişel Della Vinya deyir ki, gələcəkdə neft şirkətləri tədricən energetika şirkətlərinə çevriləcəklər. Neft şirkətlərinin rəhbərləri də hamını inandırmağa çalışırlar ki, onlar neft-qazdan imtina etsələr də biznesləri gəlirli olaraq qalacaq. Amma baş verənlər bunun əksini göstərir. «BP» və «Royal Dutch Shell Plc» artıq dividendlərini azaltmalı olublar. «Shell» üçün bu son 80 ildə ilk dəfədir. Səhmdarların yaxşı qazancı neft şirkətlərinin birjalarda əsas dayağı idi. Buna görə də bəzi şirkətlər, məsələn «Exxon», səhmdarların qazancına toxunmur, yəni dividendi azaltmırlar. Amma onlar bunun əvəzində böyük borclara girməl i olurlar.
Son illər neft şirkətləri onsuz da böyük pullar itiriblər. Bu da koronavirus pandemiyası və ABŞ-da şist neftinin hasilatı ilə bağlıdır. Amma dünya neft bazarında təklif daha da artsa, hansı ki, analitiklər bunlan çox narahatdırlar, ola bilsin ki, maya dəyəri baha olan və havanı çirkləndirən yataqlardan neft ümumiyyətlə çıxarılmasın. Bunlar ümidsiz aktivlərdir. «Rystad Energy AS»nin ekspertlərinin hesablamalarına görə, dünyada çıxarıla bilən neft ehtiyatlarının 10%-i – təxminən 125 milyard barel neft köhnələcək, yəni onu çıxarmağa ehtiyac olmayacaq. Neft bazarı və şirkətləri üçün bu - dəşhətli xəbərdir.
Bütün bunları və yaşıl enerjini, neft şirkətlərnin aşağı gəlirliyini və azalan dividendləri bir yerə toplayanda aydın olur – indiki biznes modelin axırı çatıb. Onu 100 il bundan əvvəl Con Rokfeller fikirləşmişdi: neft hasil edib, elə yerindəcə emal edirsən, və satırsan. Bu düstur indiki dünyanı yaradıb, dünyada sənaye, avtomobil dünyası meydana çıxıb, şəhərlər yaranıb, siyasi prosesləri başlayıb və ümumilikdə müasir həyatın yaranmasına imkan verib.
Neftin əsas rol oynadığı dünya iqtisadiyyatında «qara qızıl» bankomata və səhmdarların sevimlisinə çevrilmişdi. Neft maraqları isə iqtisadiyyatın sərhədlərini aşaraq nəhəng siyasi gücə çevrilmişdi. Son 50 ildə neft səbəbindən dünyada çoxsaylı müharibələr, çevrilişlər baş vermişdi. OPEK, 1970-ci il böhranı və son nəticədə ekoloji hərəkat yaranmışdı.
1998-ci ildə neftin qiyməti kəskin ucuzlaşanda iri şirkətlər çökmək həddində idi, amma vəziyyətdən çıxa bildilər. Onlar hasilatı iikqat artırdılar və birləşdilər. O vaxtdan 5 şirkət - Exxon, Chevron, Shell, Total və BP bu sahənin liderləridir. Amma indi vəziyyət başqadır. 20 il əvvəl baş verən böhran şirkətlərə nefti daha ucuz çıxarmağı öyrətdi. İndi isə şirkətlər bərpa olunan enerji yaratmaq istəyirlər.
ABŞ-ın «Chevron» şirkəti də hərəkətə gəlib. Səhmdarlara son müraciətdə şirkət rəhbərliyi bildirir ki, bundan sonra əsas yatırımlar yanacaqdoldurma məntəqələrinin alınmasına və günəş energetikasına ediləcək.
Doğrudur, iri neft şirkətlərinin yaşıl enerjiyə həvəsi əvvəllər də yaranmışdı, dünyada neft nə vaxt ucuzlaşırdısa, şirkətlər alternativ enerjidən danışmağa başlayıdılar. Amma 2008-ci ildə neft 100 dollara qalxandan sonra bütün bunlar unuduldu və neft şirkətləri yenidən əvvəlki qayda ilə işləməyə başladılar. İndi isə şirkət rəhbərləri əmin olublar ki, bu dəfə geriyə yol yoxdur.
«Bizim transformasiyamız dönməzdir», -deyə «Eni»nin baş direktoru Klaudio Deskalsi vəziyyəti təsvir edir. Digər şirkət rəhbərləri də əmindirlər ki, neft bundan sonra 100 dollara yüksələn deyil. Üstəlik daha təmiz enerji ilə bağlı cəmiyyət və investorların təzyiqi də azalan deyil.
Nəticəsi göz qabağındadır – hətta «Chevron» kimi gec tərpənən və konservativ şirkət də bu gün bərpa olunan mənbələrdən enerji istehsalına milyardlar yatırır. BP isə 2030-ci ildə 50 Qiqavat bərpa olunan enerji hasil etmək niyyətindədir. Bu indikindən 20 dəfə artıqdır. Paralel olaraq neft hasilatı azalacaq. İndi BP-nin gündəlik neft qaz hasilatı 2,6 milyon bareldir. 2030-cu ildə bu rəqəm 1,5 milyon barelə enəcək. Doğrudur, analitiklər hesab edir ki, bərpa olunan enerji nə qədər artsa da, hələlik neft barrellərinin azalmasına görə yaranan «deşiyi» qapaya bilməyəcək.
Amma məsələnin başqa narahat edici tərəfi var. Sahələrini dəyişən neft şirktləri əvvəlki kimi pul qazana biləcəklərmi?
Təcrübəli neft analitiki olan Pol Sanki, neft şirkətlərinin əvvəlki kimi gəlirlə işləyəcəklərinə inanmır. Hesablamalar göstərir ki, hazırda bərpa olunan energetika illik 8-10% gəlir gətirir. Neft biznesində isə mənfəət 15% idi.
Üstəlik bu sahədə neft şirkətləri yeni rəqiblərlə üz-üzə gələcəklər. Bunlar artıq çoxdandur ki, bərpa olunan energetika sahəsində işləyən şirkətlərdir. Məsələn, İtaliyanın «Enel SpA» şirkəti və ya İspaniyanın «Iberdrola SA» şirkəti. İri neft maqnatları indiyədək bu şirkətlərin adlarnı belə eşitməmişdilər. İndi isə onlar rəqib olacaqlar.
Burada növbəti sual ortaya çıxır. Strategiyanın dəyişməsi investorları seçim qarşısında qoyur: Əgər bazarda bu sahədən normal pul qazanmağı öyrənmiş kommunal şirkətlər varsa, siyasətini dəyişməyə və ayaqda qalmağa çalışan köhnə oyunçulara (yəni neft şirkətlərinə) pul yatırmaq nəyə lazımdır? Məsələn: «Enel» şirkəti öz səhmdarlarına illik 4,6% dividend ödəyir, bu «Shell»in öz səhmdarlarına ödədiyindən (4,3%) daha yüksəkdir.
Bununla yanaşı, «keçmiş neftçi»lərin bu müqayisədə üstün cəhətləri də var. Əvvəla onlar daha müasir texnologiyalar keçirlər. İkincisi onların ölçüləri böyükdür və bu onlara imkan verir ki, bərpa olunan energetikaya daha böyük və çevik yatırımlar etsinlər. Üçüncüsü, onlar başqalarının səhvlərindən öyrənə bilirlər, eyni zamanda neft şirkətlərinin iri layihələri idarə etmək təcrübəsi böyükdür.
«Yaşıl enerji»yə keçidin ən maraqlı səbəblərindən biri isə bu sahədəki sabitlikdir. Son 12 ildə neftin bazar qiymətlərinin 148 dollardan mənfi 42 dollaradək dəyişməsini görmüş neft şirkətləri üçün bura əsl «cənnət» ola bilər. Əvvəllər BP-də çalışmış biznes strategiya üzrə məsləhətçi Atul Arya bildirir ki, «yaşıl enerji»də qiymət oynaması neftdən daha aşağıdır və burada sabitlik daha böyükdür.
Amma buna vaxt lazımdır. Hələlik isə neft şirktləri bu sahədən günəş və külək enerjisi ilə müqayisədə daha çox pul qazana bilirlər. İri şirkətlər qarşıdakı 10-20 il ərzində də neftdən asılı olacaqlar. Bu ən azı ona görə lazımdır ki, alternativ enerjiyə yatırmaq üçün kifayət qədər pul toplaya bilsinlər.