BP Azərbaycan şirkəti Azərbaycanda ayrıca olaraq öz adından sponsorluq etdiyi layihələri açıqlayıb.
Eləcə də bax:"Hasilat sahəsində şəffaflığın təmin olunması vacibdir"
Şirkətdən FED.az-a verilən məlumata görə, 2018-ci ildə bu layihələrə 1,1 milyon dollar vəsait xərclənib.
Həmin layihələr aşağıdakılardır:
• Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə BP-nin maliyyələşdirdiyi “Cümhuriyyət qurucuları” adlı kitab üçün aparılmış tədqiqat və kitabın nəşri. 100 illiyin qeyd edilməsinə BP-nin töhfəsi olan bu nəşr cümhuriyyət qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmişdir və onların tarixi xidmətlərini əks etdirən sanballı tədqiqat kitabıdır.
• Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə BP-nin maliyyələşdirdiyi “Son iclas” adlı sənədli film. Film bolşeviklərin devirdiyi demokratik hakimiyyətin parlamentinin faciəvi son iclasında baş verən hadisələri sənədləşdirib. Bu film Heydər Əliyev Fondu və Bakı Media Mərkəzi ilə birlikdə hazırlanmışdır.
• Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan Kəlağayı sənətinə dair müfəssəl mədəni və tarixi tədqiqat və həmin tədqiqata əsaslanan kitabın nəşri. Kitab dünyanın ən qədim mədəniyyət nümunələrindən biri olan kəlağayı sənətinin mühafizəsi və Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanınmasına dəstək məqsədi daşıyır.
• İqtisadiyyat üzrə dünyada ən çox istifadə olunan üç kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri. Bu layihə beynəlxalq iqtisadi nəzəriyyə və siyasət, makroiqtisadiyyat və mikroiqtisadiyyat haqqında dünyada geniş yayılmış üç kitabdan birbaşa istifadə imkanı yaratmaqla beynəlxalq iqtisadi biliklərin Azərbaycana gətirilməsi yönümündə əhəmiyyətli bir töhfədir. Kitablar Azərbaycanın iqtisadiyyatla bağlı təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına və təhsilin modernləşdirilməsinə böyük dəstək olacaq.
• 2018-ci ildə BP İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə üçün elektron infrastrukturunun modernlədirilməsinə dəstək layihəsinə başlamışdır. Layihə çərçivəsində Mərkəzə müasir proqram təminatlarının yaradılmasında kömək göstəriləcək və bu yeni proqramlarla hökumətin Strateji Yol Xəritələri çərçivəsində ölkənin sosial və iqtisadi inkişafı üçün həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi həyata keçiriləcək.
• BP əməkdaşlarının Bakı Ali Neft Məktəbində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər.
• BP həmçinin Bakı Ali Neft Məktəbində innovativ bir təlim proqramını da maliyyələşdirir. “Mühəndislər üçün biznes təhsili” adlanan bu proqram yerli mühəndislərə universitet təhsilindən rahat şəkildə biznes karyerasına keçməyə kömək edəcək. Bu proqram 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və idarəçilik və biznes sahəsində geniş bilgilər vermək məqsədi daşıyır.
• BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir¬. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.
BP Azərbaycanda sponsorluq etdiyi layihələri - AÇIQLAYIB - SİYAHI
13:09
13 Fev 2019