Avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda elektrik enerjisinə tələbatda - Rekord Göstərici
“Azərişıq” ACS-dən FED.az-a bildirilib ki, avqust ayında havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat artıb. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olub. Cari ilin avqust ayı ərzində enerji göstəricisinə tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVts artıb. Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” üzrə 72,2 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. Avqust ayında ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500 milyon kVts-dır.
“Azərişıq” tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur və bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Abonentlərdən bir daha xahiş edilir ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.
Qeyd edək ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın sıfıra endirilməsi, eyni zamanda, hesabat dövrünün qüsursuz icra edilməsi üçün ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.
İstehlakçılara elektrik enerjisinin istifadəsinə dair hər hansısa bir problem olduğu təqdirdə “Azərişıq” ASC-yə məxsus “[email protected]” elektron poçt ünvanına və ya “199” Çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.