Cari ilin yanvar-aprel aylarında əmtəə qazının hasilatı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 1,9 faiz artıb.
FED.az Dövlət Statistika Komitənin məlumatına istinadla xəbər verir ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda təbii qaz hasilatı 16,142 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 12,215 milyard kubmetr təşkil edib. Təbii qaz hasilatı isə illik hesablamada 2,5 faiz artıb.
Komitənin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda kondensatla birlikdə 10,228 milyon ton xam neft hasil olunub ki, bunun təqribən 10,202 milyon tonu əmtəə neftinin payına düşüb. Beləliklə, Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 8 faiz azaldıb. Həmçinin əmtəə neftinin hasilatı il ərzində 8 faiz azalıb.
Qeyd edək ki, Azərbaycan təbii qazın 8,4 milyard kubmetrini xarici bazarlara ixrac edib. Yanvar-aprel aylarında Azərbaycan Avropaya (3,9 milyard kubmetr), Türkiyəyə (3,4 milyard kubmetr) və Gürcüstana (1,1 milyard kubmetr) təbii qaz ötürüb. Hesabat dövründə TANAP vasitəsilə Türkiyəyə 1,9 milyard kubmetr təbii qaz ixrac olunub. (Azərtac)