ABŞ-ın Berlindəki səfiri Riçard Qrennelin “Şimal axını-2” enerji layihəsinə görə alman şirkətlərini sanksiya ilə təhdid etməsinə Almaniya parlamenti reaksiya verib.
FED.az saytının məlumatına görə, Xristian Demokratlar İttifaqı və Xristian Sosialistlər blokunun sədrinin müavini Yurgen Hardt hesab edir ki, ABŞ transatlantik münasibətlərdə birtərəfli qaydada kəskin mövqe tutur.
Almaniya Sol Partiyasının sədri Fabio De Masi qeyd edib ki, amerikalı səfir özü haqda imperator müavini təəssüratı yaradır.
13 yanvarda səfir Riçard Qrenel alman şirkətlərinə məktub göndərərək “Şimal axını-2” təhlükəsini nəzərdən keçirməyi istəyib.
Eləcə də bax: BP-nin Xəzərdə böyük ümid bəslədiyi qaz yatağı
O qeyd edib ki, bu müraciətə təhdid kimi deyil, ABŞ-ın siyasətinin ifadəsi kimi yanaşmaq lazımdır.
Britaniyanın “The Times” nəşri isə yazıb ki, səfirin alman şirkətlərini çoxmilyardlı layihədə iştirakdan imtinaya çağırması ABŞ-la Almaniya arasındakı problemləri bir az dərinləşdirir.
Sanksiya təhlükəsi isə geosiyası toqquşma riskini gücləndirir. Çünki bu layihə ABŞ maraqlarına cavab vermir, çünki Avropa bazarlarının Rusiya qazından asılılığını artırır.
Xatırladaq ki, “Şimal Axını-2" layihəsi illik ötürmə gücü 55 milyard kubmetr qaz olan iki boru xəttinin çəkilməsini nəzərdə tutur. Xəttin Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çatdırılması planlaşdırılır.
Layihənin icraçısı olan “Nord Stream 2 AG" şirkəti artıq Almaniya, Finlandiya və İsveçdən tikintiyə razılıq alıb. Kəmərin ərazi sularından keçdiyi ölkələrdən yalnız Danimarkadan razılıq alınması hələ ki mümkün olmayıb.
2019-cu ildə “Şimal axını-2” layihəsinin gücü 110 milyard kubmetrə çatacaq.
Bu layihənin Cənub Qaz Dəhlizinə rəqib olduğu haqda da fikirlər var.
Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcəyi ehtimal olunur.
Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.