Son həftələr dünyanın neft bazarında baş verən proseslər və neftin qiymətinə təsir edən hadisələr qara qızılın qiymətini aşağı səviyyədə saxlamaqdadır.
8 ayda "Azeri Light" markalı neftin orta qiyməti 73 dolları ötüb
FED.az xəbər verir ki, Rusiya neftinin qiymətinə tətbiq edilən limitin endirilməsi, eləcə də OPEK üzvlərinin neft hasilatını artırmaq barədə qərarları neftin qiymətinin enməsinə səbəb olub.
Brent neftinin qiymətinin azalması Azərbaycan neftinin qiymətinə də təsirini göstərib.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində neftin qiyməti 70 dollar nəzərdə tutulub. İlk 8 ayda – yanvar-avqustda neftin orta qiyməti 73 dollar nəzərdə tutulsa da, sentyabr-oktyabr aylarında qiymətlər daha aşağı olub.
Sentyabrın əvvəlindən keçən 2 ay ərzində neftin qiyməti cəmi 10-15 gün 70 dollardan yuxarı olub, qalan vaxtlarda isə neft 70 dollardan aşağı satılıb.
Oktyabr ayında isə neftin 70 dollardjan yuxarı qiyməti cəmi 2 dəfə qeydə alınıb - oktyabrın 6 və 9-u tarixlərində Azərbayxan neftinin qiyməti 70,12 dollar və 70,08 dollar olub. Digər günlərdə neft büdcədəki həddən aşağı qiymətə satılıb. 7 gün isə neftin qiyməti 65 dollardan, yəni 2026-cı ilin büdcəsindəki həddən də aşağı düşüb. Ötən ay Azərbaycan neftinin ən aşağı qiyməti oktyabrın 21-də qeydə alınıb – 61,83 dollar.
Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 65 dollardan götürülüb.












