ABŞ-ın Yaxın Şərqdəki bazasına hücumdan sonra dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Londondakı ICE birjasında Brent markalı neftin qiyməti noyabrın 30-dan bəri ilk dəfə bir barel üçün 84 dolları ötüb
Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 2023-cü il noyabrın 30-dan bəri ilk dəfə bir barel üçün 84 dolları ötüb.
Bu gecə neftin qiyməti 1,46% artaraq bir barel üçün 84,8 dollar təşkil edib.
Neft Amerikanın özündə də bahalaşır. Amerikanın WTI (West Texas Intermediate) neftinin qiyməti də 1,6%-ə qədər artaraq 79,29 dollar/barelə çatıb.
Bundan əvvəl məlum olmuşdu ki, Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar Brent markalı neftin qiyməti 90 dollar və ya daha çox bahalaşa bilər.
«Mizuho» şirkətinin baş iqtisadçısı Vişnu Varathan qeyd edib ki, qlobal bazarda neft tədarükçüləri üçün çoxlu risklər var. Tələb zəifləsə belə, qiymətlər geosiyasi amillərə görə yüksələ bilər.
Honq-Konqlu analitik Neil Beveridge isə hesab edir ki, hazırda əsas risk ABŞ və müttəfiqlərinin İrana qarşı daha sərt tədbirlər görməsi ola bilər. Son vaxtlar İran xam neft ixracını gündəlik 1,5 milyon barrelə qədər yüksəldib. Onun sözlərinə görə, Tehrana qarşı sanksiyaların istənilən sərtləşdirilməsi neftin qiymətinin artmasına səbəb olacaq.