“Son günlər ərzində şahidi olduğumuz iki mühüm hadisə, əvvəl Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi, dünən isə Qazaxın işğalda olan 4 kəndinin geri qaytarılması böyük diplomatik qələbələrdir. 2016-cı ilin aprel döyüşləri ilə başlanan zəfər tariximiz indi diplomatiya masasında uğurla davam edir”.
XİN: Ermənistan işğal altında olan 4 Azərbaycan kəndini - GERİ QAYTARIR
FED.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Ermənistan tərəfindən Qazaxın 4 kəndinin qaytarılmasını “Qafqazinfo”ya şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu kimi anlar müasir Azərbaycan tarixinə ən əlamətdar günlər kimi daxil olacaq: “Dünən bu xəbər ictimailəşən kimi sosial şəbəkələrin erməni seqmentinin reaksiyası çox maraqlı oldu. Onlar artıq anlamağa başlayıblar ki, Azərbaycanın qazandığı ardıcıl uğurlar təsadüfi deyil, illərlə aparılan sistemli işin bəhrələridir. Bu gün Qazaxın 4 kəndinin vətənə qayıtması ilə 44 günlük müharibəni ayrı-ayrılıqda şərh etmək mümkün deyil. Yaxud Vətən müharibəsini aprel döyüşlərindən ayıra bilmərik. Bütün bunlar Prezident cənab İlham Əliyevin illərlə həyata keçirdiyi siyasətin nəticəsidir”.
E.Allahverdiyev hesab edir ki, Qazaxın 4 kəndi ətrafında problemin həlli gələcək delimitasiya və demarkasiya prosesinin də əsasını qoyur. “Biz işğalçını döyüş meydanında məğlub etdik, onun dünyadakı himayədarlarını da diplomatiya ilə susdurduq və susdururuq. Sərhədlərin müəyyən olunması o deməkdir ki, Ermənistan və bu ölkədə olan revanşist qüvvələr bir daha Azərbaycan torpaqlarına iddia edə bilməyəcəklər. Nə danışırlar danışsınlar, hansı saxta tarixi yazırlar yazsınlar, müstəqil Azərbaycanın dünya tərəfindən tanınmış ərazisindən ümidlərini üzsünlər. Özləri də, sahibləri də" - deyə deputat vurğulayıb.
Millət vəkili əmindir ki, bununla Zəngəzur dəhlizinin açılması və fəaliyyət göstərməsinin əsası qoyulur: “Gün gələcək, özü də bu gün çox da uzaqda deyil, - dədə-baba yurdumuz olan Zəngəzurdan Naxçıvana yol fəaliyyətə başlayacaq. Bu prosesin qarşısını almaq mümkün deyil. Cənab Prezident nəyi bəyan edib, hamısı həyata keçib. Bütün bunlar 44 günlük müharibədən dərhal sonra da ola bilərdi. Ermənistan rəhbərliyi xarici havadarlarının küyünə getməklə sadəcə vaxt uzada bildi ki, bunun da böyük əhəmiyyəti yoxdur. Azərbaycan xalqının, dövlətinin gücü, iradəsi qarşısında uzun müddət tab gətirə bilməzlər”.