Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında qaldırılan məsələlərlə əlaqədar Baş Nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası keçirilib.
N.Məmmədov 2019-cu ilin birinci rübündə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib, islahatların, verilən qərarların Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qarşılandığını, ölkəmizin həm regional, həm də dünya miqyasında reytinqinin daha da yüksəlməsinə səbəb olduğunu vurğulayıb.
Xüsusən də, Dövlət başçısının əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemlərini daim diqqətdə saxlaması Nazirlər Kabineti üçün də prioritet məsələlərdən biridir.
Bununla yanaşı, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri də müsbət dəyişikliklərlə nəticələnib. Ölkədə bütün iqtisadi göstəricilər üzrə davamlı inkişaf müşahidə olunur, icra edilən böyük investisiya və infrastruktur layihələri iqtisadiyyata öz töhfəsini verir.
Bu rüb ərzində Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, o cümlədən ölkədə aqrar sahənin şaxələndirilməsi və dayanıqlı inkişaf istiqamətində atılan addımlar Dövlət başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.
Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra, Novruz Məmmədov İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.
Novruz Məmmədov Nazirlər Kabinetində - İCLAS KEÇİRİB
21:22
3 May 2019