Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən FED.az-a bildiriblər ki, iclasda M.Ağayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 16 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, M.Ağayevanın cavabdehlər E.Ağayev, M.Ağayev və “İdeal-İ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 16 aprel tarixli qərarı Bakı şəhəri Nərimanov rayonu M.Əlizadə küçəsində yerləşən 22 saylı evin 74 saylı mənzilinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək bölünməsinə dair iddianın rədd edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.4-cü və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks edilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.