Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmanda deyilir:
1. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra – AİH) Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.
2.2. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
2.2.1. ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına;
2.2.2. idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına;
2.2.3. qanunla qadağan olunmayan digər mənbələrdən.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq maliyyələşməni təmin etsin;
4.2. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutsun;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində AİH-ə təqdim etsinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.