Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2020-ci ili unikal göstərici ilə başa vurub.
FED.az xəbər verir ki, ölkədə ən byöük məbləğdə dövlət vəsaitlərinin idarəçisi olan Agentlik ili sıfır mənfəətlə başa vurub.
Hesabata əsasən 2020-ci ildə Agentliyin əməliyyat gəlirləri 1 milyard 105 milyon 651 min manat təşkil edib. 2019-cu illə müqayisədə agentliyin gəlirləri 20 milyon manat artıq olub (2019-da gəlirlər 1 milyard 85,7 milyon manat idi).
Agentliyin xərcləri də həmin səviyyədə olub. Belə ki, hesabata əsasən 2020-ci ildə AAYDA-nın material xərcləri 614,9 milyon manat (2019-cu illə müqayisədə 2,4% azalıb), inzibati xərcləri isə 107 milyon manat olub (8,2% azalıb).
2020-ci ildə Agentlik öz əməkdaşlarına 100,9 milyon manat əməkhaqqı ödəyib, 2019-cu illə müqayisədə bu məbləğ 15 milyon manat və ya 18% artıqdır.
Qurumun sair əməliyyat xərcləri isə 383,7 milyon manat olub. Bu əvvəlki illə müqayisədə 27 milyon manat və ya 7,5% artıqdır.
Nəticədə, hesabata əsasən Agentliyin əməliyyat xərcləri də 1 milyard 105 milyon 651 min manat təşkil edib və AAYDA ili sıfır mənfəət və ya zərərlə başa vurub.
2020-ci ilin sonuna AAYDA-nın cəmi aktivləri 7 milyard manat və ya 60%-ə yaxın artaraq 13,1 milyard manatdan 20,8 milyard manata yüksəlib.
Aktivlərin artımı şirkətin kapitalının artımı və balansına verilən əmlakların hesabınadır. Belə ki, 2020-ci ildə Agentliyin uzunmüddətli aktivləri 1,9 milyard manatdan 8,3 milyard manata yüksəlib.
Xatırladaq ki, AAYDA ölkənin avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi ilə məşğul olan publik hüquqi şəxsdir.
Agentlik birbaşa dövlət başçısına - prezidentə tabedir.