ABŞ Prezidenti Donald Tramp xarici ölkə vətəndaşlarının və mühacirlərin Amerika ərazisində doğulan uşaqlarına vətəndaşıq verilməsi hüququnu ləğv etmək barədə fərman imzalamağı planlaşdırır.
FED.az xəbər verir ki, TASS informasiya agentliyinin məlumatına görə, Donald Tramp bunu “Axios on HBO” xəbər proqramına müsahibəsində deyib.
“Biz dünyada yeganə dövlətik ki, istənilən insan bura gələ, uşaq doğa və doğduğu uşaq faktiki olaraq 85 il bütün imtiyazlarla ABŞ vətəndaşı ola bilər... Bu çox gülüncdür və buna son qoyulmalıdır”, - deyə Prezident vurğulayıb və qeyd edib ki, proses gedir və “bu, baş verəcək”.
Qeyd edək ki, bir çox dövlətlərdə həmin ölkənin ərazisində doğulan uşaqlara avtomatik olaraq vətəndaşlıq verilir. Bu prosedurdan, o cümlədən Avropanın bəzi ölkələrində, həmçinin Braziliya, Çili və Panamada istifadə olunur. Bununla belə, bir sıra Avropa dövlətlərində uşağın doğulması faktı ilə yanaşı, onun ölkə ərazisində müəyyən müddətdə yaşaması tələbi də mövcuddur.