Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Moskva ilə Rusiya tərəfindən 2014-cü ildə işğal olunan Krım və qanunsuz olaraq yaradılan qondarma «Donesk və Luqans respublikaları» barədə müzakirə aparmağa hazır olduğun bildirib.
FED.az xəbər verir ki, ABŞ-ın ABC kanalına müsahibə verən Ukrayna dövlət başçısı təəssüflə etiraf edib ki, NATO-dan gözlədiyi dəstəyi ala bilməyib və ola bilsin Ukrayna NATO-ya üzvlük istəməsin.
Zelenski bildirib ki, Rusiya ilə müharibədə NATO-dan gözlənilən kömək gədməyəndən sonra bu təşkilata münasibəti soyuyub. «NATO-ya gəlincə, mənim bu məsələyə (yəni Ukraynanın NATO-ya üzvlüyü) münasibətim çoxdan soyuyub. Biz başa düşdük ki, NATO Ukraynanı qəbul etməyə hazır deyil, bu təşkilat ziddiyyətlərdən və Rusiya ilə münaqişədən çəkinir». Zelenski NATO-ya münasibətinin dəyişməsinin daha bir səbəbi kimi NATO-nun Ukrayna səmasında uçuşsuz zona yaratmaqdan imtina etməsini göstərib.
Zelenski Rusiya tərəfindən işğal edilən Krım və Donesk və Luqansk əraziləri barədə də danışıb. Xatırladaq ki, Rusiya tərəfi Ukraynanı həmin ərazilərin itirilməsi ilə barışmağa məcbur etmək istəyir. Rusiya tərəfinin şərtinə görə, müharibə o zaman dayandırılacaq ki, Ukrayna Krımı Rusiya ərazisi kimi, Luqansk və Doneski isə müsğəqil dövlət kimi tanısın.
İndiyədək bundan imtina edən Zelenski işarə edib ki, «bu barədə danışmaq olar».
Onun sözlərinə görə, Ukrayna «müvəqqəti işğal olunan və tanınmayan respeblikalarla bağlı məsələləri müzakirə edə bilməz, çünki onları yalnız Rusiya tanıyıb və onlar psevdo respublikalardır».
Bununla yanaşı, prezident bildirib ki, bu əraziləri taleyi ilə bağlı kompromiss tapmağa ümid edir.