Reuters/Ipsos-un son ictimai rəy sorğusuna əsasən, ABŞ Prezidenti Donald Trumpın fəaliyyətini bəyənən amerikalıların payı 33%-də qalıb.
Tramp İrana qarşı genişmiqyaslı - İqtisadi müharibəyə başlayır
FED.az xəbər verir ki, bu, Trampın həm birinci, həm də ikinci prezidentlik dövründə Reuters/Ipsos sorğularında qeydə alınmış ən aşağı göstəricidir.
Dörd gün davam edən sorğunun nəticələri ABŞ ictimaiyyətində İranla müharibəyə münasibətin də dəyişdiyini göstərib. Respondentlərin yalnız 31%-i İrana qarşı hərbi müdaxiləni dəstəkləyib. Müqayisə üçün, mart ayında bu göstərici 37%, avqustun əvvəlində isə 34% idi. Beləliklə, müharibəyə ictimai dəstək münaqişə başlayandan bəri ən aşağı səviyyəyə enib.
Azalmanın mühüm hissəsi Trampın əsas siyasi bazası hesab olunan Respublikaçı seçicilərdən qaynaqlanır. Respublikaçılar arasında müharibəni dəstəkləyənlərin payı martdakı 77%-dən 69%-ə düşüb.
Sorğuda iştirak edənlərin 83%-i İranla qarşıdurmanın hələ uzun müddət davam edəcəyini düşünür. Müharibənin başladığı fevral ayından bəri ABŞ-də benzinin qiymətinin bir qallon üçün 1 dollardan çox bahalaşması da administrasiyaya iqtisadi təzyiqi artırır. Bu vəziyyət Trampın inflyasiyanı nəzarətdə saxlamaq və ABŞ-ni uzunmüddətli müharibələrdən uzaq tutmaq barədə əvvəlki vədləri fonunda xüsusi əhəmiyyət daşıyır.
Siyasi baxımdan nəticələr 3 noyabr aralıq seçkiləri ərəfəsində Respublikaçılar üçün risk siqnalı hesab edilə bilər. Partiya Konqresdəki kövrək çoxluğunu qorumağa çalışır. Sorğuya görə, müstəqil seçicilər arasında bu gün seçki keçirilsəydi, Demokrat namizədlərə səs verəcəyini deyənlərin payı 33%, Respublikaçı namizədləri seçəcəyini bildirənlərin payı isə cəmi 19% olardı.












