ABŞ prezidenti Donald Trampın 2024-cü maliyyə ili üzrə gəlirləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri agentliyi «Reyters»ə istinadən xəbər verir ki, başa çatan ildə Tramp kriptovalyutalar, qolf və digər sahələrdən 600 milyon dollar qazanıb, ümumilikdə prezidentin varidatı 1,6 milyard dollar artıb.
Prezidentin özünün açıqladığı məlumatlara görə, Tramp kriptovalyuta bazarından, daha dəqiqi «World Liberty» tokeninin satışından 57,35 milyon dollar əldə edib. Xatırladaq ki, «World Liberty Financial» kriptovalyuta layihəsinə onun oğulları Erik Tramp və kiçik Donald Tramp rəhbərlik edirlər.
«Mar-a-Lago» və Flaridadakı digər qolf klublar isə ona azı 218 milyon dollar qazandırıb.
Daha maraqlı gəlir mənbəyi Trampın imzası olan malların satışı olub. Hesabatdan aydın olur ki, bura Bibliya, digər kitablar, saatlar və ayaqqabılar aiddir.
Belə ki, Tramp «Save America» kitabının satışından 3 milyon dollar, krossovka və parfümeriyadan 2,5 milyon dollar, saatların satışından 2,8 milyon dollar, imzası olan Bibliya və gitaraların satışından isə müvafiq olaraq 1,3 milyon və 1 milyon dollar qazanıb.
Xatırladaq ki, aprelin sonunda ABŞ prezidenti öz müsahibəsində bildirmişdi ki, Ağ Evin interyerini öz hesabına yeniləyib, o cümlədən buranı 24 karatlıq qızılla bəzəyib.