Rusiya prezidenti Vladimir Putin biznes nümayəndələri ilə görüşdə Ukraynaya qarşı əməliyyatlara haqq qazandırmaq üçün bunu «məcburi addım» adlandırıb.
FED.az xatırladır ki, dünən – fevralın 24-də ABŞ və Britaniyanın Rusiyaya qarşı açıqladığı sanksiyalar Rusiya biznesinə böyük zərər vuracaq. Təkcə ABŞ-da Rusiyanın 1 trilyonluq əməliyyatları dayandırılıb. Rusiya banklarına dollar, avro və yenlə əməliyyat aparmaq qadağan edilib.
İndi isə Putin Kremldə bizneslə göürüşdə onları baş verənlərə anlayışla yanaşmağa və iqtisadiyyatı dəstəkləməyə çağırıb: «Ölkənin təhlükəsizliyinə təhdid yaranmışdı, danışıqlar apardıq, Qərb bir millimetr də geri çəkilmədi. Başqa variantımız qalmadı».
Putin biznesi arxayın etməyə çalışıb ki, Rusiya dünya iqtisadiyyatının bir hissəsi olaraq qalacaq. Ona görə də biznesi iqtisadi aktivliyi azaltmamağa, yeni iş yerləri açımağa və iqtisadiyyatı dəstəkləməyə çağırıb.
«Hökumət olaraq öz tərəfimizdən sizə yaxşı şərait yaradacaq və daha çox azadlıq verəcəyik. Yalnız bir yolumuz var – sahibkarlara azadlıq vermək».
Rusiya biznesinin nümayəndəsi Aleksandr Şoxin bildirib ki, biznes artıq neçə vaxtdır ki, bu şəraitdə (sanksiyalarla) işləyər və buna uyğunlaşıb: «2014-cü ildən bu vəziyyətdə çalışırıq». Onun sözlərinə görə iş adamları budəfəki sanksiyaların əvvəlkilərdən daha sərt olacağını başa düşürlər: «Bilirik ki, sanksiyalar maliyyə, hasilat sənayesi, texnoloji avadanlıqların alınmasına yönələcək. Üstəlik, müxtəlif saşhələr üzrə təchizat zənciri də qırılacaq».
Biznes nümaynədələri bildirib ki, belə vəziyyətdə aktivliyi qorumaq üçün hökumət yatırımlara daha yaxşı şərait yaratmalı və bunu stimulaşdırmalıdır.
Nəhayət, yaranmış vəziyyətlə əlaqədar olaraq rusiyalı iş adamları kriptovalyuta sisteminin leqallaşdırılmasını təklif ediblər. Onlar hökumətə təklif ediblər ki, bununla bağla qanun layihəsi tezliklə hazırlansın.