Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp tərəfindən aparılan sülh sazişinin bir hissəsi olaraq cəbhə xəttində döyüşlərə son qoymağı təklif edib.
FED.az xəbər verir ki, bu barədə Financial Times qəzeti üç mənbəyə istinadən məlumat yayıb .
Qəzet iddia edir ki, bu təklif Vladimir Putinlə ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff arasında aprelin 11-də Sankt-Peterburqda keçirilən görüş zamanı edilib.
Xatırladaq ki, Rusiya Ukraynanın 4 regionunu ələ keçirmək istəyir. Bura Donesk, Luqansk, Xerson və Zaporojye vilayətləri aiddir. Bu vilayətlərin böyük hissəsi işğal edilib, bir hissəsi hələ də Ukraynanın nəzarətindədir. FT xəbər verir ki, Moskva həmin vilayətlərin Kiyevin nəzarəti altında qalan hissəsinə dair iddialarından imtina etməyə hazır olduğunu bəyan edib.
Qəzet vurğulayır ki, bu təklif Rusiyanın sülhün bərqərar olması üçün “maksimalist” şərtlərdən əl çəkməyə hazır olduğuna dair ilk rəsmi işarədir.
Bu görüşdən, yəni Rusiya tərəfinin bir qədər «yumşalmasından» sonra sonra ABŞ hökuməti Ukrayna və Avropaya yeni sülh planı təklif edib. Yeni plan Krımın Rusiya kimi tanınması, eləcə də Rusiyanın döyüşlər zamanı əldə etdiyi əraziləri özündə saxlamasını ehtiva edir.