Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, qış mövsümü ilə əlaqədar olaraq, əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.
Eləcə də bax: FHN: 233 binaya - MÜSBƏT RƏY VERİLİB
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:
- qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
"Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır! Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - deyə Nazirlikdən bildirilib.