Qlobal bazarlar ABŞ-İran xəttində aparılan sülh danışıqlarından gələcək siqnallara fokuslandığı bir vaxtda, ABŞ Prezidenti Donald Tramp özünə məxsus sosial media platforması "Truth Social" üzərindən etdiyi paylaşımda Tehran rəhbərliyi ilə aparılan nüvə və digər danışıqlarla bağlı qırmızı xətlərini açıqlayıb.
FED.az xəbər verir ki, danışıqların gələcəyi ilə bağlı açıq mesaj verən Trump, “İran ilə bağlanacaq müqavilə (razılaşma - red) ya böyük və mənalı bir razılaşma olacaq, ya da ümumiyyətlə razılaşma olmayacaq,” ifadələrini işlədib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trump "Truth Social" paylaşımında yeni razılaşmanın parametrlərinə də toxunaraq hədəflənən paktın "Joint Comprehensive Plan of Action"ın (JCPOA - Birgə Hərtərəfli Fəaliyyət Planı) “tam əksi” olacağını vurğulayıb. Keçmiş nüvə sazişini sərt ifadələrlə tənqid edən ABŞ Prezidenti, “JCPOA bir fəlakət idi. İran üçün nüvə silahına gedən birbaşa və açıq yol idi,” iddiasını yenidən səsləndirib.
Pekin və Yeni Dehli xəttində aparılan danışıqlar, uran ehtiyatının ölkə xaricinə çıxarılması maddəsi, İranın dini liderinin “Uran İranda qalacaq” istiqamətində verdiyi qəti göstəriş səbəbindən ötən günlərdə dalana dirənmişdi.
FED.az xəbər verir ki, trampın bu son çıxışı nüvə inventarının təhvil verilməsi və Hörmüz boğazının daimi şəkildə dəniz nəqliyyatına açılması məsələlərində geri addım atmayacağını göstərir.
Qeyd edək ki, Joint Comprehensive Plan of Action (JCPOA) — Azərbaycan dilində “Birgə Hərtərəfli Fəaliyyət Planı” adlanır. Bu, 2015-ci ildə İran ilə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa İttifaqı arasında imzalanmış nüvə sazişidir.
Razılaşmanın əsas məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq qarşılığında ölkəyə tətbiq edilən beynəlxalq sanksiyaların yumşaldılması idi.
Sazişə əsasən İran:
- uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmalı,
- nüvə obyektlərinə beynəlxalq nəzarətə icazə verməli,
- nüvə fəaliyyətini azaltmalı idi.
Bunun qarşılığında isə ABŞ və digər Qərb ölkələri İrana qarşı iqtisadi və maliyyə sanksiyalarının bir hissəsini ləğv etmişdi.
2018-ci ildə ABŞ Prezidenti Donald Tramp bu sazişdən birtərəfli qaydada çıxdı və İrana qarşı sanksiyaları yenidən tətbiq etdi. Bundan sonra İran da bəzi öhdəliklərini mərhələli şəkildə azaltmağa başladı.













