Azərbaycan dost ölkələrə səmimi münasibətini həmişə sözdə yox, əməldə göstərir. Azərbaycan Ukrayna ilə dost ölkə olduğunu Rusiya-Ukrayna müharibəsi dönəmində bir daha göstərməkdədir. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar göndərməyə başladı. Həmçinin İrpen şəhərinin bərpasında və yenidən qurulmasında da öz dost əlini uzadır. İrpen şəhərində hərbi əməliyyatlar zamanı dağılmış akademik Zərifə Əliyeva adına orta məktəb SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən tam təmir edilib. Bu gün isə Azərbaycan yeni layihələrə dəstək verməyə başlayır.
SOCAR Ukraynaya 20 ton - YANACAQ VERİB
FED.az xəbər verir ki, İrpen meri Oleksandr Markuşin bildirib ki, şəhərin bərpasına dair yeni layihələr Azərbaycan dövləti ilə müzakirə edilir.
“Azərbaycanın Ukraynadakı yeni səfiri ilə müzakirə etdiyimiz layihələrdən biri İrpen şəhərində tamamilə dağıdılan doqquzmərtəbəli yaşayış binasının tikintisidir. Artıq biz onu sökmüşük və yeni binanın tikintisinə hazırıq. İkincisi, mədəniyyət evidir. Sonra yaradıcılıq mərkəzi var, əgər Azərbaycan onun bərpasına razı olsa, həmin layihə üzərində də işləmək olar. Bizim üçün bu, çox vacib müəssisədir, çünki orada 3000-ə yaxın uşaq təhsil alırdı. Müzakirə olunan layihələr arasında uşaq-gənclər idman məktəbinin və muzeyin yenidən qurulması da var. İrpen şəhərinin mərkəzində yerləşən və döyüş zamanı dağıdılan İncəsənət Mərkəzinin bərpası da yeni layihələr sırasındadır. Azərbaycan hökuməti hansı obyektin bərpasında iştirak edəcəyinə özü qərar verəcək”, - deyə mer əlavə edib.
Oleksandr Markuşin söhbətinin sonunda bu ağır günlərdə Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Sadalanan məqamlar bir daha göstərir ki, Azərbaycan Ukraynanın xoş günündə də, ağır günlərində onun yanındadır. Bu dost köməyi, iki ölkə arasında strateji münasibətlər tarixi bağlılığa əsaslanır. (Azərtac)