Fransanın ABŞ şirkətləri ilə bağlı vergi tətbiq etməsinə cavab olaraq Birləşmiş Ştatlar təxminən 2,4 milyard dollar məbləğində fransız mallarına rüsum tətbiq edə bilər.
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsinin bəyanatında deyilir.
Eləcə də bax: ABŞ üç ölkəyə qarşı sanksiya - TƏTBİQ ETDİ
"ABŞ-ın nümayəndə aparatı 1974-cü ilin ticarət haqqında qanununun (Qanun ədalətsiz ticarət partnyorlarına qarşı mümkün sanksiyaları nəzərdə tutur - red) 301-ci maddəsi çərçivəsində araşdırmanın birinci mərhələsini qurtarıb və bu nəticəyə gəldi ki, Fransa rəqəmli vergi ilə ABŞ şirkətlərinə qarşı ayrıseçkilik edir", - deyə Robert Laythayzerin rəhbəri olduğu qurumdan bildirilib.
Aparat qərarı ilə ABŞ-ın Birləşmiş Ştatların şirkətlərinə qarşı diskriminasiyaya yol verənlərə qarşı tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Fransa ilə ABŞ arasında Biarris şəhərində keçirilən G-7 sammiti çərçivəsində rəqəmli xidmətlər göstərən 7 ən iri şirkətin vergiyə cəlb olunmasına dair ilkin razılıq əldə edilib. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno le Mer, ABŞ maliyyə katibi Steven Mnuçin və ABŞ Milli İqtisadi Şurasının direktoru Larri Kudlou arasında əldə edilmiş razılaşmaya əsasən, Fransa bu ölkədəki mövcud vergi ilə 2020-ci ildə İqtisai Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən qəbul ediləcəyini gözlədikləri vergi mexanizmi arasındakı fərqi sözügedən şirkətlərə ödəməlidir.
Fransada milli rəqəmli verginin tətbiqi Avropa Komissiyası tərəfindən təklif olunmuş vergi layihəsinin Avropa İttifaqı İqtisadiyyat və Maliyyə Şurası tərəfindən qəbul edilməsindən sonra baş tutub. Fransa prezidenti Emmanuel Makron da həmin verginin beynəlxalq miqyasda məsələnin həlli tapılanadək atılan müvəqqəti addım olduğunu dəfələrlə vurğulayıb.
Report